COP29

Yeni transfer Bakıda çətinliklə üzləşdi, ölkəmizi seçməsinin səbəbini gizlətmədi

11 İyul 22:40 Müsahibə 3 871
Yeni transfer Bakıda çətinliklə üzləşdi, ölkəmizi seçməsinin səbəbini gizlətmədi

“Araz-Naxçıvan”ın mövsümlərarası fasilə dönəmində heyətinə qatdığı Karlos Jatoba Sportinfo.az-a müsahibə verib.

28 yaşlı braziliyalı yarımmüdafiəçi yeni komandası, ölkəmizdə gördükləri və karyerası ilə bağlı sualları cavablandırıb.

- Yeni komandanda ilk oyunu əvəzedici komandaya qarşı keçirdin. Təəssüratlarını eşitmək maraqlıdır.

- Fikrimcə, yaxşı oynadıq. Topa nəzarət etməklə hücumlar qurduq, qollar vurduq. Havanın hədsiz isti olması müəyyən çətinlik yaradırdı. Çünki belə hava şəraitinə öyrəşməmişəm. Zamanla iqlimə alışacağıma inanıram. Burada olmaqdan məmnunam.

- Azərbaycanda Braziliyadakından istidir məgər?

- Mən Braziliyanın cənubundan, Koritiba şəhərindənəm. Hazırda orada havanın hərarəti müsbət 10 dərəcədir. Burada isə yəqin ki, 40 dərəcəyə yaxındır. Amma narahatlığa gərək yoxdur, bir müddətdən sonra alışacağam.

- Müxtəlif mövqelərdə oynamaq bacarığı ilə seçilirsən. Hansı mövqedə özünü rahat hiss edirsən?

- “8 nömrə” ən sevimli mövqeyimdir. Həm müdafiə olunuram, həm də hücumlarda yaxından iştirak edirəm.

- “Araz-Naxçıvan”dan təklif alanda reaksiyan necə oldu?

- Hamı kimi ölkəni, şəhəri və klubu internetdə axtarışa verdim. Özüm üçün müəyyən məlumatlar toplayandan sonra Azərbaycanda oynayan braziliyalı futbolçulardan məlumatlar topladım. Onlar mənə yalnız xoş sözlər söylədilər və Azərbaycana gəlməyi tövsiyə etdilər. Əsas odur, burada olmaqdan məmnunam.

- Rumıniyanı Azərbaycana dəyişməyə səni nə vadar etdi?

- Mənə daha çox klubun hədəfləri və gələcək planları cəlbedici göründü. Baş məşqçi ilə söhbət zamanı mənə güvəndiyini və xidmətimdən istifadə etməkdə maraqlı olduğunu hiss etdim. Necə deyərlər, yeni ölkə, yeni başlanğıc. Uğurlu olacağıma inanıram.

- 3-4 gün ərzində gördüklərin haqda nə deyə bilərsən?

- Xırdalıqlara varmaq istəmirəm, amma Rumıniyada bəzi şeylər fərqli idi. Bu günə qədər Bakıda və komandada gördüklərim məni məmnun etməkdədir. İndi çox danışa bilməyəcəyəm, çünki yeni gəlmişəm. Müəyyən vaxt keçəndən sonra daha detallı danışarıq.

- İlk dəfə Bolqarıstan “Dunav”ında legioner həyatı yaşamışdın, ötən mövsüm “Politexnika”nın uğurları üçün tər tökdün. Avropaya üçüncü səfərində nəyə ümid edirsən?

- Əsas istəyim daha çox şans qazanmaqdır. Potensialıma bələdəm və bilirəm ki, daha çox oynamaqla komandama fayda verə bilərəm. Məqsədim vuracağım qollar və verəcəyim qol ötürmələri ilə “Araz-Naxçıvan”a ən yaxşı şəkildə kömək etməkdir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti