“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Sportinfo.az-a müsahibə verib
- Yoxlama görüşündə “Araz-Naxçıvan-2” üzərində qazanılan 3:1 hesablı qələbə sizə nə verdi? Nə görmək istəyirdiniz, nə gördünüz?
- Əsas istəyimiz ağır məşqlərdən sonra futbolçuların meydanı və stadionu hiss etmələriydi. Yüklənmə fonunda oyunçuların hazırlıq durumunu görmək maraqlı idi. Belə deyim, gözlədiyimi görə bildim.
- Çempionatın startına 1 aydan az vaxt qaldığını nəzərə alsaq, heyətdəki kasadlıq sizi narahat etmir?
- Bu gün Miço Kuzmanoviçlə Ömər Buludov xəstə olduqları üçün komandaya kömək edə bilmədilər. Heyəti tam komplektləşdirməmişik, bəzi mövqeləri gücləndirəcəyik. Hazırda bu yöndə çalışmalarımız davam edir. Vaxtımız var, qarşıdakı günlərdə kollektivə yeni futbolçular qoşulacaqlar.
- Hansı mövqelərin gücləndirilməsində maraqlısınız?
- Mərkəz müdafiəçisi, hücumçu və oyun qurucusu axtarışındayıq.
- Karlos Jatoba planlarınıza hansı mövqenin oyunçusu kimi daxildir?
- Jatoba yarımmüdafiənin mərkəzində oynaya bilir. “6” və “8” nömrə kimi faydalıdır. Kifayət qədər təcrübəli və bacarıqlıdır. Komandaya fayda verəcəyinə inanıram.
- Klub rəhbərliyinin sizdən istəyi nədir? Avrokuboklara vəsiqə, yoxsa elitadakı yeri qorumaq?
- Bu dəqiqə klubda hər kəsi maraqlandıran məsələ komandanın ən qısa zamanda komplektləşməsidir. İstədiyimiz mövqeləri tam doldurandan sonra iddiadan danışmaq mümkün olacaq. Hələ ki, bu yöndə söhbətimiz olmayıb.
- Transfer bazarında yaşananları nəzərə alsaq, növbəti mövsümün əvvəlkindən daha çətin və gərgin keçəcəyini gözləmək olar?
- Komandaların güclənməsi bu barədə düşünməyə əsas verir. Görünən odur ki, iştirakçılar iddialarından əl çəkməyəcəklər. Fikrimcə, hər ötən il daha ağır olur. Komandaların rəqabətə davamlı olması inkişaf üçün başlıca amildir.
- “Araz-Naxçıvan”ın rəqiblərini Naxçıvanda qəbul etmək məsələsində nə yenilik var?
- Biz də Naxçıvanda, yerli publikanın qarşısında oynamaq istəyirik. İnanıram ki, bu yöndə işlər tezliklə həll olunacaq və komanda öz doğma yurdunda oynayacaq. Məsələnin həlli mənə aid olmadığı üçün dəqiq cavab verməkdə çətinlik çəkirəm.
- “Qəbələ”dən Ürfan Abbasovla Ülvi İsgəndərov yenə sərəncamınızda olacaqlar. İstədiyiniz futbolçular yalnız bu iki nəfər idi, yoxsa digərlərin keçidini həll edə bilmədiniz?
- Söhbət yerlilərdən gedirsə, ehtiyac duyduğumuz mövqeləri onların hesabına gücləndirməyə çalışdıq. Ola bilsin, qarşıdakı günlərdə “Qəbələ”dən tanıdığınız futbolçu, ya da futbolçuları “Araz-Naxçıvan”da görərsiniz.
HƏBİB