COP29

"Hqqını tələb edən futbolçu heç kimə lazım olmayıb"

5 İyul 20:00 Müsahibə 1 456
"Hqqını tələb edən futbolçu heç kimə lazım olmayıb"

Vaxtilə Azərbaycan millisinin aparıcı fiqurlarından olan Vaqif Cavadov 3 ilə yaxındır məşqçilik fəaliyyəti ilə məşğuldur.

“Sumqayıt”ın U-17, ardınca U-19 komandalarını çalışdıran 35 yaşlı mütəxəssis hazırda “kimyaçılar”ın əvəzedicilərdən ibarət komandasına başçılıq edir.

Cavadovlar nəslinin davamçısı ilə söhbətə uşaq futbolundakı problemlərlə bağlı suallardan başlasaq da, söhbətin davamında futbolçu dövrünə baş çəkdik, futboldankənar biznesini soruşduq, əmisi İsgəndər Cavadovla münasibətlərinə aydınlıq gətirdik.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/199991.html)

- Qayıdaq illər öncəyə. Futbolçu karyeranızda yol verdiyiniz hansı səhvin, hansı yanlış qərarın peşmanlığını çəkirsiniz?

- Elə bir peşmanlığım yoxdur. Əksinə, karyeramdan məmnunam və çox istərdim ki, hər bir azərbaycanlı futbolçunun ən azından belə bir karyerası olsun. Bir şeyə çox sevinirəm, nə yaxşı ki, həmin illərdə atam sağ idi. Azərbaycana gələnə qədər Rusiyada oynadığım vaxtlarda ailə üzvlərim məni tək buraxmadılar. Bəlkə də ailəmin imkanı zəif idi, amma bir qarın ac, bir qarın tox, mənim üçün əllərindən gələni edirdilər. Rəhmətlik atamın, anamın, qardaşlarımın üzərimdə çox böyük zəhməti olub. Bu yerlərə gəlib çıxmağımın əsas səbəbkarı onlardır. Həssas zamanlarda yanımda oldular, mənə doğru yol göstərdilər. Sonda atamın arzusu həyata keçdi və ona xoş günlərimi görmək nəsib oldu. Buna görə Allaha təşəkkür edirəm.

- Karyeranızı 30 yaşında başa vurmağınızın başlıca səbəbi nə oldu? Davam edə bilərsiniz hər halda.

- Elə futbolçular var 34-35 yaşa qədər oynayıblar. Lakin mən bunu futbol oynamaq hesab etmirəm. Ehtiyat oyunçular skamyasında oturub pul qazanmaq mənə görə futbol oynamaq deyil. Mən bu yolu seçmədim. Daim oynamaq istəyirdim və bunun çətin olduğunu anlayınca kənara çəkildim. “Keşlə” ilə ölkə kubokunu qazanmaqla futboldan başıuca getdim. Baxmayaraq ki, “Keşlə”də ilk dönəmlərdə az oynayırdım.

- O vaxt müsahibələrinin birində xarakterinə görə baş məşqçilərin səninlə işləmək istəmədiklərini demişdin.

- Bu, həmişə belə olub. Sözünü deyən, haqqını tələb edən futbolçu heç kimə lazım olmayıb. Ona görə də indiki futbolçuların arasında lider yoxdur. Əvvəl komandanın liderləri söz sahibləri azərbaycanlı futbolçular idi. Mətbuata açıqlamalarına baxın, ya heç danışmırlar, ya da ancaq tərif edirlər. Biz sözümüzü deyirdik, yeri gələndə heç kimdən çəkinmədən milliləşməni, legionerləşməni tənqid edirdik. İndiki futbolçulardan hansı biri milli komandaya əcnəbi baş məşqçinin lazım olmadığını deyə bilir? Jurnalistlər bu barədə sual da vermirlər onlara, ancaq “köhnələrdən” soruşurlar. Rəşad Sadıqovun yığmanın çalışdırıcısı ilə problemi olmuşdu, millidən uzaqlaşmışdı. Samir Ələkbərov o boyda AFFA prezidentinin əmrini yerinə yetirməmişdi deyə, neçə il futboldan kənarda qalmışdı. Hər komandanın öz lideri var idi – Rəşad Sadıqov, Mahir Şükürov, Zaur Tağızadə, Samir Əliyev, İlqar Qurbanov, Rail Məlikov, Vaqif Cavadov, Nazim Süleymanov,Yunis Hüseynov və sair.

- Tam razıyam sizinlə. Uzağa getməyək, millinin və “Neftçi”nin kapitanı Emin Mahmudov yaxşı görünmək üçün jurnalistlərdən uzaq gəzir.

- İndi hansı futbolçu çıxıb məşqçidən narazılıq edir? Yaxud sözünü deyə bilir? Nə oldu, bütün məşqçilər idealdır, uğursuzluqda futbolçulardan başqa heç kimin günahı yoxdur? Demirəm belə olmalıdır, yaxud biz etmişiksə düzdür. Deməyim odur ki, məşqçilərə sözünü deyən futbolçu sərf etmir deyə, əksəriyyət susur, haqqını tələb edə bilmir. Mən belə olmamışam.

- Karyeranızdakı “Tvente” səhifəsinin uğurlu alınmamasının əsl səbəbini deyə bilərsiniz?

- Mən ora gedəndən sonra iki dəfə baş məşqçi dəyişikliyi oldu. Yeni gələn məşqçinin də fərqli futbol fəlsəfəsi, yaxud heyətdə görmək istədiyi futbolçular olur. Gördüm ki oynamıram, ayrıldım. Halbuki, daha 3 illik sözləşməm var idi və “Tvente”də qalaraq pulumu qazana bilərdim.

- Belə alınmasında öz günahınız yoxdur?

- Məşqlərdə və gündəlik həyatda öhdəlikləri yerinə yetirirdim, rejimə riayət edirdim. Ən böyük istəyim uyğunlaşmaq, oynamaq idi. Kaş həmin vaxt yanımda azərbaycanlı olardı. Düzdür, atamla qardaşım gəlib-gedirdilər. Lakin onlara il ərzində 90 gün qalmaq icazəsi verilirdi. Yanımda mütəmadi kimsə qalsaydı, uyğunlaşma prosesini rahat keçərdim, dil baryerini aşardım, möhkəmlənərdim.

- Sonradan “Volqa”da, “Qaziantep”də, “Boluspor”da da oynadınız. Lakin heç birində möhkəmlənə bilmədiniz.

- “Volqa”da hər şey ideal idi. Əsas heyətdə mütəmadi oynayırdım, tanınırdım. Lakin mövsümün gedişində klubda ciddi islahatlar aparıldı. Təkcə baş məşqçi yox, klub rəhbərliyi səviyyəsində dəyişiklik oldu və mənimlə yanaşı bir çox futbolçular komandanı tərk etdi. Türkiyədə də oyun sayına görə ən çox şans qazananlardan biri olmuşam, qollarımı vurmuşam. Çox qalmamağımın səbəbi dəyişikliklər olub.

- Azərbaycanda da klubları tez-tez dəyişirdiniz axı.

- “Qarabağ”da ayrı-ayrı vaxtlarda 3 və 1,5 il oynamışam. Buna tez-tez klub dəyişmək demək olmaz. Digərlərinə gəlincə, “Bakı”da 1 illik icarədə idim, müddət qurtardı “Tvente”yə qayıtdım, oradan da “Volqa”ya getdim. Kaxaber Tsxadadzenin vaxtında “İnter”də karyeramın bəlkə də ən parlaq dönəmini keçirib 14 qol vurub 11 assist etmişdim. Kaxa mənimlə işbirliyində maraqlı olmadı deyə, “Qaziantep”ə getdim. Sonradan guya maddi şərtlərdə razılaşmadığıma görə ayrıldığımı demişdi. Həmin vaxt pul barədə ümumiyyətlə söhbətimiz olmamışdı. Digər klubların hərəsində bir səbəb olub, ya daha çox oynamaq istəmişəm, ya özümü orada görməmişəm.

- Karyeranın ən bahalı müqaviləsi hansı klubla olub?

- “Qarabağ”la.

- İllik nə qədər?

- (davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:10 Çək və bizə göndər!
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq