COP29

“Restoranlarda ofisiantlıq edirlər, futbolçu o pulu hardan alsın?”

4 İyul 20:00 Müsahibə 2 472
“Restoranlarda ofisiantlıq edirlər, futbolçu o pulu hardan alsın?”

Vaxtilə Azərbaycan millisinin aparıcı fiqurlarından olan Vaqif Cavadov 3 ilə yaxındır məşqçilik fəaliyyəti ilə məşğuldur.

“Sumqayıt”ın U-17, ardınca U-19 komandalarını çalışdıran 35 yaşlı mütəxəssis hazırda “kimyaçılar”ın əvəzedicilərdən ibarət komandasına başçılıq edir.

Cavadovlar nəslinin davamçısı ilə söhbətə uşaq futbolundakı problemlərlə bağlı suallardan başlasaq da, söhbətin davamında futbolçu dövrünə baş çəkdik, futboldankənar biznesini soruşduq, əmisi İsgəndər Cavadovla münasibətlərinə aydınlıq gətirdik.

- Futbolçu Vaqif Cavadov qısa müddətdə məşhurlaşmağı bacarmışdı. Məşqçi kimi tanınmaq üçün nə qədər vaxt lazımdır?

- Futbolçu bacarığını yaşıl meydanda göstərir. Fiziki hazırlıq, topla davranış, texnika – bunlar önəmlidir. Məşqçilik sənəti elədir ki, nəyəsə nail olmaq üçün daim oxumalısan, öyrənməlisən. Geridə qalan müddətdə B, ardınca A kateqoriyalarına sahib oldum, U-17 komandasından “Sumqayıt-2”yə qədər yüksəldim. Bacarıqlı məşqçi olmaq üçün yaş, yaxud zaman vacib faktor deyil. Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmanın 37 yaşı var. Hər şey özümdən asılıdır. Artıq indidən özümü ağır yükün altına girməyə hazır sayıram.

- Hansı məşqçilərin iş metodunu diqqətdə saxlayırsınız, yaxından maraqlanırsınız?

- Pep Qvardiola, Antonio Konte, Simeone İnzagi, Dieqo Simeone kimi məşqçilərin hər birindən yeni nələrsə öyrənməyə çalışıram. Konte ilə İnzagi sevimli sistemim olan 3-5-2 sxemi ilə oynadır. Qvardiolanın 4-3-3, yaxud 3-4-3 gedişləri mənə maraqlı gəlir. Simeoneyə gəlincə, onun davranışları, oyun intizamı və taktiki gedişləri diqqətimi çəkir.

- Yeri gəlmişkən, xarici klublarda təcrübə toplamaq planınız yoxdur.

- Bu yöndə işlər gedir. Yaxın gələcəkdə belə bir planın baş tutması mümkündür. İndidən klub adı çəkmək istəmirəm. Amma ən qısa zamanda tanınmış məşqçilərin birinin məşqlərini yaxından izləyəcəyəm.

- Azərbaycanlı futbolçuların inkişafı müəyyən yaşdan sonra dayanır. Xüsusən keçid dövründən sonra “axsayırlar”. Gənclərlə iş təcrübəsi olan biri kimi problemi nədə, yaxud kimdə görürsünüz?

- Səbəblər 1-2 deyil, çoxdur. Ən vacib faktor futbolçunun 15-16 yaşa qədər necə məşq keçməsi, bazanı necə toplamasıdır. Məşqlər elə səviyyədə keçilməlidir ki, uşaq 17 yaşa çatanda artıq futbolun təməl prinsiplərini bilsin. Bunun üçün məşqçilər çox savadlı olmalıdırlar. Özünüz görürsünüz, 17-18 yaşında futbolçular Avropa çempionatında iştirak edirlər. Biz isə həmin yaşda hələ də nəsə öyrədirik. Məşqçi pedaqoq olmaqla yanaşı, həm də psixoloq, yeri gələndə valideyn olmağı bacarmalıdır. Bir də ki, hər bir insan 16-17 yaşına çatanda həyata gözləri açılır və digər məşğuliyyətlərə meyil salmağa həvəslənir. Həmin dövrdə məşqçinin futbolçunu yolundan dönməməyə çalışması vacib amildir.

- Başqa hansı problemlər baş qaldıra bilir?

- Təhsil və hərbi xidmət problemi ən yaralı yerimizdir. Gənclərin heç də hamısı ali məktəbə qəbul ola bilmir. Belə olduğu halda hərbi xidmətə yollanmalı olur ki, 18 yaşında əsgərliyə gedən 20 yaşında qayıdır və ondan sonra futbola köklənməsi çətinləşir. Açığı, fiziki durumu da əvvəlki kimi olmur. Hərbi xidmət dövrü çatan futbolçuya klub kömək etmirsə, məcburən futboldan uzaqlaşmalı olur.

- Çıxış yolu nədir?

- Bütün bunlar dövlət səviyyəsində nəzarətə götürülməli və hansısa formada sistem yaradılmalıdır. Xarici ölkələrdə necə edirlər? Ya məktəblərin nəznində idmançılar üçün xüsusi siniflər yaradılmalıdır, ya daxilində təhsil verilən akademiyalar qurulmalıdır ki, futbolçu yollarda qalmasın. Akademiyada həm təhsil alsın, həm də məşqlərini etsin. Bir önəmli faktoru da qeyd edim.

- Buyurun.

- Əsas komanda xaric, digər komandalardakı futbolçuların məvacibi çox aşağıdır. Bir butsun qiyməti 300-400 manatdırsa, uşaq o pulu hardan alsın? 18-19 yaşlı futbolçu ailədən nə qədər pul alacaq? Bunu görən valideynlərdə hansı motivasiya qalacaq? Bir futbolçunun yol xərci, yeməyi və digər məsrəfləri ay ərzində 500-1000 manat arasında dəyişir. Onlar bu qədər maaş alırmı? Ata-ana nə qazanır ki, oğluna 800-900 manat pul versin? Belə olduğu halda futbolçular məcbur qalıb başqa sahələrdə işləyirlər ki, pul qazansınlar, ailəyə dəstək olsunlar. Əksəriyyət məşqdən sonra restoranlarda ofisiantlıq edirlər. Və bu gedişlə imkanı aşağı, lakin talantı yüksək olan futbolçuları itiririk. 18 yaşında 150-200 manat qazanır, 25 yaşa çatır 1000-1500 manat alır. Fikirləşir ki, ondansa gedib başqa sahədə işləyərəm. Üç fərqli komandada çalışdığım müddətdə sadaladığım problemlərin hər birini aşkar şəkildə görmüşəm.

- Qayıdaq illər öncəyə. Futbolçu karyeranızda yol verdiyiniz hansı səhvin, hansı yanlış qərarın peşmanlığını çəkirsiniz?

- (davamı olacaq).

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti