COP29

Samir Abasov: "Qriqarçuk və Berdiyevi udmaq mənə zövq verəcək" - MÜSAHİBƏ

3 İyul 10:40 Müsahibə 3 322
Samir Abasov: "Qriqarçuk və Berdiyevi udmaq mənə zövq verəcək" - MÜSAHİBƏ

"Sumqayıt" yeni mövsümün hazırlıqlarının ilk mərhələsini başa vurub.

Kollektiv 2 günlük istirahətin ardından bu gün axşam saatlarında təlim-məşq toplanışı üçün Türkiyənin Ankara şəhərinə yollanacaq.

Avropa Konfrans Liqasında mübarizə aparacaq "kimyaçılar" Macarıstanın "Fehervar" klubu ilə qarşılaşacaq.

Sportinfo.az-a müsahibə verən komandanın baş məşqçisi Samir Abasov həm hazırlığın ilkin mərhələsini qiymətləndirib, həm də Konfrans Liqasındakı rəqibləri barədə danışıb.

- Yeni mövsümə hazırlığın Sumqayıtda baş tutan birinci mərhələsi sizi razı saldımı?

- Yaxşı məşqlər keçdik. Uşaqların ümumi halı çox ürəkaçandır. Bir az narahatlığımız vardı ona görə ki, fasilə uzun müddət oldu. Təxminən 20 günlük aradan söhbət gedir. Görsənən odur ki, çox yaxşı hazırlaşa biliblər. Burada bir qədər yükləmələr altında məşqlərimiz keçdi. İki günlük fasilədən sonra ikinci mərhələ üçün Türkiyəyə gedəcəyik. Orada isə sırf taktiki hazırlıq ön plana çıxacaq.

- Planlar sırf Konfrans Liqasına görə qurulub, yoxsa işlər Premyer Liqaya uyğun aparılır?

- Əslində, təqvimə baxası olsaq, Konfrans Liqasının oyunundan 1 həftə sonra Premyer Liqa start götürəcək. Bu, bizim üçün əlverişli oldu. Bir sözlə, planımız avrokuboklar və çempionatı əlaqəli şəkildə əhatə edəcək. “Fehervar”la oyunları çempionatın birinci turu kimi dəyərləndirmək olar. Elə düşünək ki, birinci tur rəqib olaraq bizə “Qarabağ” düşüb də (gülür).

- Mövsüm ərzində kasad heyətlə mübarizə aparmalı oldunuz. Çempionatın sonu bir neçə legionerlə də yolları ayırmağa qərar verdiniz. Arasında qalmasını istədikləriniz adlar vardı?

- Xeyr, qalmasını istədiyim kimsə yox idi. Sezonun sonuna yaxın artıq siyahı hazırlanmışdı. Bu gün iki hücumçumuz ilə yolları ayırmışıq. Təhlükə var ki, oyunlara kimi forvard tapmayaq. Amma biz yenə planlarımızı pozmaq istəmirik. Çünki gələcəyimizi sırf bir oyuna bağlamaq istəmirik. Gedişatda belə problemlər yaşanacaq. Bunu əvvəlcədən göz önünə almışdıq.

- “Fehervar”ı arxada qalan günlər yaxından tanımaq imkanınız oldu. Düşüncələriniz maraqlıdır...

- Hər gün rəqib haqqında informasiyalar alırıq. Bəzi futbolçular klubdan ayrılıb. Oyunlarını da izləmişəm. Amma bütün gücümüzü, düşüncəmizi həmin oyunlara yönəltməmişik. Yalnız Türkiyə toplanışının sonlarına yaxın “Fehervar”a köklənə bilərik.

- Ötən ilin bu günləri ilə müqayisədə indiki “Sumqayıt” daha hazır komanda təsiri bağışlayır. Bu məqam yeni mövsüm üçün işinizi müəyyən qədər asanlaşdırırmı?

- Düzdür, bəzi mövqelər üzrə əlimizdə oyunçu var. Amma bu o demək deyil ki, işimizi tam görmüşük.

- Premyer Liqamıza tanış sima olan Roman Qriqarçuk və hamımızın yaxşı tanıdığı Kurban Berdiyev növbəti mövsüm sizə rəqib olacaqlar. Bu təyinatları necə qarşıladınız?

- Burada işləməsə belə, Berdiyev də bizə tanış simadır. Uğurları hər birimizə bəllidir. Çempionatımıza çox yaxşı qatqı qatacaq. Qriqarçukun da özünəməxsus özəllikləri var. “Qəbələ”dən yaxşı xatırlayırıq. Hər iki məşqçi də “Qəbələ”nin pis gününə və ya “Kəpəz”, “Sumqayıt” kimi komandalara yox, onlar üçün yaxşı şərait yaradılan klublara gəliblər. Bu baxımdan işləri yüngül olacaq. Düzdü, bizim işimiz daha da çətinləşir. Lakin Samir Abasov olaraq bu rəqabət məni sevindirir.

- Klublarımız tərəfindən əcnəbi məşqçilərə yaxşı şərait yaradıldığını bildirdiniz. Bunun fonunda isə son illərin ən yaxşı yerli məşqçilərindən biri olan Ayxan Abbasov büdcəsi az, böyük iddiası olmayan “Şamaxı”da, Samir Abasov isə geniş imkanları olmayan “Sumqayıt”da çalışır. Bu cür yanaşma bacarıqlı yerli mütəxəssislərə qarşı haqsızlıq deyilmi?

- Yox, belə qiymətləndirmirəm. Qədərə bağlı məsələdir. Şəxsən öz adıma deyirəm ki, yerli məşqçi kimi özümüzü doğrultmalıyıq ki, eyni şərait bizə də yaradılsın.

- Son illər bir neçə yerli mütəxəssisin nəticələri özünüzü təsdiqlədiyinizi göstərir axı...

- Çox gümanki doğrultmamışıq.

- Nəticələr belə demir də...

- Bu gün nəticə avrokubokların qruplarıdır. İstəklər də bundan ibarətdir. Mən harda olmağımdan asılı olmayaraq buna doğru gedəcəm. Amma bu da o demək deyil ki, azərbaycanlı məşqçilərə eyni şərait yaradılmır. Bəlkə, yaradılıb, lakin kimlərsə istəməyib. Nəsə demək çətindir. Qriqarçuk öz işini təsdiq eləmiş insandır. Elə belə yerə “Neftçi”yə gəlməz. Onun üçün istədiyi şərait qurulmalıdır ki, o da gəlsin. Kurban Berdiyev də həmçinin. Böyük işlər görüb və böyük məşqçi kimi bura gətirilib. Tələblər də böyük olacaq. Mən belə şeylərə görə şikayət etməyi sevmirəm. Öz yolumla davam edəcəm. Və hara getsəm onlardan da yaxşı şərait istəyəcəm.

- Rəqabətə hazırsınız?

- Həmin məşqçiləri udmaq, oyunumuzla təəccübləndirmək mənə zövq verəcək. Komandalarımız çoxalsın, daha böyük simalar gəlsin. Mən də buradayam (gülür).

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti