COP29

"Sabah"la bərabər "Qarabağ" və "Neftçi"nin də oxşar addım atması məni sevindirir" - MÜSAHİBƏ

30 İyun 22:30 Müsahibə 1 241
"Sabah"la bərabər "Qarabağ" və "Neftçi"nin də oxşar addım atması məni sevindirir" - MÜSAHİBƏ

“Sabah”ın U-12 komandası 12 yaşadək futbolçular arasında keçirilən Yiğit Demirel beynəlxalq futbol turnirində iştirak edib.

Türkiyənin Rize şəhərində keçirilən turnirin qalibi də məhz təmsilçimiz olub.

Sportinfo.az-a müsahibə verən komandanın baş məşqçisi Məhərrəm Müslümzadə qazanılan çempionluq və digər məsələlər barədə suallarımızı cavablandırıb.

- İlk öncə çempionluğunuz ilə yekunlaşan turnir barədə nələr deyərdiniz?

- Çox faydalı turnir oldu. Həm səviyyəsinə, həm də rəqiblərin gücünə görə yaxşı mənada seçilirdi. Təşkilatçılıq da yüksək səviyyədə təşkil olunmuşdu. Belə turnirlərdə nə qədər çox çıxış edə bilsək yaxşı olar. Bu yaş qrupumuzun da ilk belə turniri deyildi. Əvvəllər də bənzər səfərlərimiz olub.

- Ölkə xaricində turnirlərə qatılmağın vacibliyini vurğuladınız. Belə yarışların nə kimi faydaları var?

- Bəli, bizim kimi hələ indi-indi inkişaf etmək istəyən ölkələr üçün çox əhəmiyyətlidir. Uşaqların dünyagörüşü artır. Fərqli mədəniyyətlərlə tanış olurlar. Fərqli futbol ölkələrinin təmsilçiləri ilə meydanda üz-üzə gəlirlər. Daha güclü rəqiblərlə qarşılaşmalı olurlar. Bu yaş qrupunun 5-ci belə yarışıdır. Hər yarışdan sonra uşaqlarda yaxşı mənada olan fərqi görürük. Turnirdən turnirə inkişafları açıq hiss olunur.

- Adətən bu yaşda uşaqlar üçün oyunlarda qələbə qazanmağın vacib olmadığı bildirilir. Sizin yanaşmanız nə deyir?

- Mən də bu fikirə qatılıram. Biz məşqçilər üçün vacib olan uşaqların inkişafını görməkdir. Amma o demək deyil ki, meydana məğlub olmaq üçün çıxırıq. Təbii ki, qələbələr uşaqlar müsbət təsir edir. Əlavə motivasiya verir. Qalib ruhu formalaşdırır.

- Komandanızın üzvləri əcnəbi həmyaşıdları ilə müqayisədə geri qalırlar, yoxsa necə?

- U-12 komandası 4 ildi mənim rəhbərliyim altında çalışır. Hər zaman demişəm ki, bu yaşda əsla rəqiblərdən geri qalmırıq.

- Bəs sonra nə baş verir?

- Dərdimiz başqadır. İlk olaraq 13-15 yaşda bəzi uşaqları itiririk. Ardınca yetkinlik dövründə bir çoxunu itiririk. Kəmiyyət azaldıqca keyfiyyət də aşağı düşür. Peşəkar səviyyəyə çatanda əlimizdə futbolçu qalmır. Belədə də üz tutulur ölkə xaricində olan futbolçulara. Bunun səbəbləri tapılmalıdır.

- Son zamanlar "Sabah" rəhbərliyinin akademiyaya xüsusi diqqət ayırdığı aydın görülür. Bu, yaxın gələcəyə ümid verirmi?

- Əlbəttə. Mən burada çalışdığım üçün demirəm. Klub uşaq futboluna böyük diqqət ayırır. Bütün yaş qruplarımız ölkə xaricində turnirlərə qatıldı. Yanaşma çox doğrudur. Futbolu sevən biri kimi "Sabah"la bərabər "Qarabağ" və "Neftçi"nin də akademiya klublarını ölkə xaricinə göndərməsi məni sevindirir. Ümid edirəm ki, bütün klublar eyni yolla gedəcək. Bu baxımdan mənim yaxın gələcəyə böyük ümidlərim var. Son zaman görülən işlər gələcəyə ümid verir. İnanıram ki, bizdə də yaxşı futbolçular üzə çıxacaq. Azərbaycan futboluna töhfə verə biləcəyik.

- Rəqib məşqçilər tərəfindən xüsusi fərqləndirilən yetirmələriniz oldumu?

- Bəli, oldu. Bəzi uşaqlar barədə şəxsən özümə həmkarlarım xoş sözlər dedilər. Əbəs deyil ki, mərkəz müdafiəçimiz Rəvan Rüstəmov, orta xəttə Ayxan Əliyev və kapitanımız Ağayev Yusif mövqeləri üzrə ən yaxşı oyunçu seçildilər. Çempionatın sonunda məşqçilərlə müzakirələrimiz oldu. Ortaq fikir bu oldu ki, turnirdəki komandalardan ən yaxşı "11-lik" yığılası olsa, əksəriyyəti "Sabah"ın üzvləri olardı.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?