COP29

Berdıyevin ən yaxın adamı “Sportinfo”ya olay danışdı, görünməyən tərəflərini dedi

27 İyun 20:40 Müsahibə 2 818
Berdıyevin ən yaxın adamı “Sportinfo”ya olay danışdı, görünməyən tərəflərini dedi

“Turan Tovuz”u növbəti mövsümə Kurban Berdıyev hazırlaşdıracaq.

Bölgə təmsilçisi 71 yaşlı mütəxəssislə 2+1 şərti ilə uzun müddətli müqavilə bağlayıb.

İndiki məqamda futbol ictimaiyyəti üçün maraqlı olan suallar təcrübəli mütəxəssisin məşqçi və insani keyfiyyətləri, “Turan”da uğur qazanmasının mümkünlüyü, azarkeşlərlə dil tapmaq bacarığıdır.

Bu və digər məqamlara aydınlıq gətirmək üçün Berdıyevi Azərbaycanda kifayət qədər yaxından tanıyan şəxslə, futbol agenti Erkin İbrahimovla əlaqə saxladıq.

- Berdıyevin bölgədə - Tovuzda yaşayaraq uğur qazanması nə dərəcədə real görünür?

- Onun çalışdığı sonuncu klub Mahaçqala “Dinamo”su olub. Ümumi götürsək, Mahaçqalanın Tovuzdan ciddi fərqi yoxdur. Digər tərəfdən adam müsəlmandır, adət-ənənələrimizdən xəbərdardır, dil baryeri yoxdur. Amma bir şeyi qeyd edim ki, məndə olan məlumata görə komanda növbəti mövsümdə Tovuzda yox, Bakıda məskunlaşacaq. Yadımda qalan bir maraqlı hadisəni danışım

- Buyur.

- Kurban bəylə ilk dəfə tanış olanda restoranda yanımızda azərbaycanlı tanışım var idi. Elə alındı ki, azərbaycanlı ilə öz dilimizdə danışmalı olduq. Bir müddətdən sonra Berdıyev dedi ki, türkmən olduğum üçün dillərimiz çox yaxındır, birdən hansısa sirriniz olar, mən hər şeyi başa düşürəm. Azərbaycan dilini tam başa düşür.

- Demək ki, uğur qazana biləcəyini düşünürsən.

- Əksər azərbaycanlıların təfəkküründə yaşı 70-dən çox olan məşqçi uğur qazana bilmir. Məşqçidən məşqçiyə fərq var, insanın özündən asılıdır. Əsas odur məşqçinin ruhu cavan olsun, işindən zövq alsın, daim hərəkətdə, inkişafda olsun. Syomin, Berdıyev kimi mütəxəssislər bu qrupa aiddir. Tək postsovet məkanında yox, dünya futbolunda da 65-70 yaşdan sonra uğur qazanmağı bacaran kifayət qədər məşqçilər var. Bu adam Mahaçqala “Dinamo”sunun təməlini qoydu, akademiyasını yaratdı, Premyer Liqaya vəsiqə qazandırdı. Bu onu göstərir ki, Berdıyev universal məşqçidir, təkcə pullu yox, məhdud büdcəli klublarda da nəticə verməyi bacarır.

- Kənardan qaraqabaq, sərt adam təsiri bağışlayır. Xaraktercə necə biridir?

- Mən onunla yaxın ünsiyyətdə olmayana qədər bu cür düşünürdüm. Çünki kənardan həqiqətən elə görünür. Sırf Berdıyevlə görüşmək üçün iki dəfə Kazana getmişdim, təlim-məşq toplanışları zamanı görüşmüşük. Axşamlar oturub söhbət etmək üçün kifayət qədər vaxtımız olurdu. Azərbaycan klubları ilə bağlı o qədər maraqlı hadisələr danışırdı ki. O vaxt “Kayrat”ın, “Kolxozçu”nun heyətində “Neftçi”yə qarşı matçları indiyə qədər xatırlayır. Soruşurdu, “Neftçi”də hər oyunda məni bezdirənm müdafiəçi var idi, indi hardadır, nə edir? Çox ünsiyyətcil biridir, amma damarını tutmaq lazımdır.

- Jurnalistlərlə münasibəti necədir?

- Bu mövzuda yaxşı şey deyə bilməyəcəyəm. İşiniz bir az çətin olacaq. Mediaya açıq biri deyil, çox danışmağı xoşlamır. Lakonik danışır, sözü kəlbətinlə çıxarmalı olacaqsız. Açıq deyim, jurnalistlərə gündəm olacaq mövzu verən deyil. Belə deyim, açıqlamalarla gündəmə gəlməyi sevmir, xoşlamır elə şeyləri. Bu adamın işi-gücü işləmək, düşünmək, planlarını həyata keçirməklə bağlıdır.

- Klub rəsmisi Səməd Nəsibov Rusiya mətbuatına açıqlamasında baş məşqçinin qarşısına avrokuboklara vəsiqə hədəfinin qoyulduğunu bildirib. Alınacaq?

- “Dinamo”da uğur qazanacağına da heç kim inanmırdı. Heyətdə yer alanlar ortabab legionerlər idi, bir də aparıcı klublarda heç kimə lazım olmayan yerlilər. Çünki rus futbolçuları Dağıstana gətirmək olduqca çətin məsələdir. “Dinamo” büdcəsinə görə I Liqada heç ilk “5-lik”də yox idi. Kifayət qədər çətinliklərlə üzləşməsinə baxmayaraq, Premyer Liqaya pley-off yolu ilə yox, birbaşa vəsiqə qazandılar. Deməyim odur ki, istənilən şəraitdə nəticə verməyi bacarır, klub və komanda quruculuğunda böyük təcrübəsi var. Bunu nəzərə alaraq “Turan”da yaxşı nəticələrə imza atacağını düşünürəm. Birinci ildə olacaq, yoxsa növbəti mövsümdə, görəcəyik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti