COP29

”Neftçi”dən gələn zəng Eddini şoka salıb – Özü hər şeyi “Sportinfo”ya danışdı

24 İyun 20:00 Müsahibə 4 918
”Neftçi”dən gələn zəng Eddini şoka salıb – Özü hər şeyi “Sportinfo”ya danışdı

Eddi İsrafilovun “Neftçi”dən ayrılması birmənalı qarşılanmadı.

Milli üzvünün gedişini alqışlayanlarla yanaşı, bu ayrılığa görə təəssüflənənlərə də rast gəlmək mümkün idi.

Deyilənə görə, Eddi yeni müqavilə üçün böyük məbləğ tələb etdiyindən, sövdələşmə baş tutmayıb.

Hazırda İspaniyada istirahət edən səbəbkar Sportinfo.az-a verdiyi müsahibə ilə bütün suallara aydınlıq gətirib.

- “Neftçi”dən ayrılmağına nə səbəb oldu? Klub müqaviləni artırmadı, yoxsa sən şərtlərlə razılaşmadın?

- “Neftçi”dən ayrılmağıma səbəb iki gün əvvəl səhər saatlarında telefonuma gələn zəng oldu.

- Kim idi?

- Klubun idman direktoru Yens Andersson. Zəng edib bildirdi ki, “Neftçi”dən mənə yeni müqavilə təklif olunmayacaq. Açığı, bu, məni çox təəccübləndirdi. Çünki kluba prezident təyin olunmayıb, yeni baş məşqçi yoxdur və belə bir qərar verilir. Deməli, getməyimlə bağlı qərar məhz Yensə məxsusdur.

- Belə olacağını əvvəldən hiss etməmişdin?

- Ötən məövsümün son aylarında mənə bir neçə dəfə komandada qalacağımla bağlı məlumat verilmişdi. “Sabah”la sonuncu oyuna bir həftə qalmış həm Yenslə, həm də Kamil Məmmədovla görüşümüz oldu. Onlar məni klubda qalacağıma əmin etdilər. Müqavilənin yenilənməsi barədə razılığa gəldik, bircə qalırdı müqaviləyə qol çəkmək. Hadisələrin bu cür gedişatı fonunda verilən qərar məni çox təəccübləndirdi. Futboldur, belə hallar olur. Həyat bununla bitmir. İstər mənimlə, istərsə də mənsiz, “Neftçi”nin uğurları məni hər zaman sevindirəcək.

- Neçə illik müqavilə istəyirdin ki?

- İstəyim azı 2 il də qalmaq idi sevdiyim klubda. Mənə fikirləşib qərar verməklə bağlı vaxt verdilər. Ailəmlə və menecerimlə məsləhətləşəndən sonra kluba 1+1 şərti ilə razılaşdığımı bildirdim. Müqavilə şərtlərində tam razılığa gəlmişdik, həm maddi, həm də müddət məsələsində. Qalırdı rəsmi sənədə qol çəkmək. Hər həftə deyirdilər ki, gələn həftə müqavilə bağlayacağıq, sonra gələn ay oldu və ən yekunda mövsümün sonunu işarə verdilər. İki gün öncə də zəng edib yeni sözləşmədə maraqlı olmadıqlarını bildirdilər.

- Transferlərdə əsas söz sahibi Yens Anderssondur. Səncə, bu şəxs “Neftçi”ni ağ günə çıxara biləcək?

- Kömək edəcəyinə ümid edirəm. Təcrübəli mütəxəssisdir, illərdir futbolun içindədir. Ona uğurlar arzulayıram. Bu insan “Neftçi” kimi klubda çalışır və klubu təmsil edir. Onun uğuru “Neftçi”nin uğuru olacaq. Buna yalnız sevinəcəm. Zamanla hər şeyin necə olacağını görəcəyik.

- Bundan sonra nə etmək fikrindəsən? Təkliflər var?

- Bu işlərlə menecerim məşğul olur. Danışıqların qaynar vaxtında mənə məlumat verir və biz məsləhətləşirik. Hələ dəqiq heç nə yoxdur. “Neftçi”də qalacağıma çox əmin idi. Hətta bunu düşünərək bütün vacib əşyalarımı Bakıda saxlamışdım.

- “Neftçi” bu vəziyyətdən çıxmaq üçün nə etməlidir?

- Bünövrə yaxşı qoyulmalıdır. Komanda daxilində yaxşı atmosfer yaradılmalıdır. Hər 6 aydanbir dəyişiklik etmək olmaz. Hər dəfə 5-6 futbolçunu göndərib, 5-6 yenisini gətirmək komandaya yaxşı təsir etmir. Məşqçi dəyişikliyinin özü də problemlər yaradır. Son baş verənlər nəticələrdə özünü göstərdi. Komandanın özəyini təşkil edən futbolçuları saxlamaq lazımdır. Çünki bu cür oyunçular klubun dəyərlərini və klubunun adının hansı məna kəsb etdiyini yeni gələn futbolçulara aşılaya bilirlər. Voislav Stankoviç yadınıza gəlir?

- Əlbəttə.

- Klubda rəhbər şəxs olsaydım, Stankoviç kimi futbolçunu saxlamaq üçün əlimdən gələni edərdim. Onun gedişi komandaya pis təsir etdi. O, yeni gələn futbolçulara sözün əsl mənasında yaxşı enerji ötürürdü və onlara hansı kluba gəldiklərini aşılaya bilirdi. Bəxtim gətirdi ki, “Neftçi”ylə müqavilə bağlayandan sonra ilk otaq yoldaşım məhz Stankoviç oldu. Hər gün birlikdə çox vaxt keçirirdik, klubun dəyərlərini mənə izah edirdi, məlumatlar verirdi. Ona görə deyirəm ki, yeni futbolçuların kollektivə tez uyğunlaşması üçün illərdir komandada yer alan futbolçuları saxlamaq vacibdir. Tək bu deyil, başqa problemlər də var.

- Nə kimi?

- Bir aya yaxındır baş məşqçi istefaya göndərilib, hələ də yeni məşqçinin kimliyi bilinmir. Yeni mövsümün planları bəlli deyil, təlim-məşq toplanışı haqda məlumat yoxdur. Hansı futbolçuların qalacağı, kimlərin ayrılacağı da cavabsız sualdır. “Forza Neftçi”nin hər şeydən xəbəri var. Bir neçə ay əvvəl məğlub olduğumuz oyundan sonra bizimlə görüşmüşdülər. Üzbəüz söhbətdə bildirdim ki, struktur və layihə baxımından problemlər var, bu qədər məşqçi və futbolçu dəyişiklikləri öz təsirini göstərir. Mövsümboyu sabitlik yox idi komandada. Uğur qazanmaq üçün komanda yoldaşına uyğunlaşmalısan, onu yaxından tanımalısan. “Neftçi”də hər 6 aydanbir dəyişiklik olur. Bütün klubların növbəti mövsümlə bağlı planları bəllidir, əksəriyyəti artıq hazırlığa başlayıb. “Neftçi”də isə bu günə qədər qeyri-müəyyənlik davam edir. İşə necə başlayırsansa, elə də bitirirsən. Keçən yay hər şeydə gecikdik və yekunda çempionatı 5-ci pillədə bitirdik. Yadınızdadırsa, iyula qədər nə baş məşqçimiz var idi, nə də futbolçular. Hazırlığı boşa verdik, Konfrans Liqasında yeni təyin olunmuş məşqçi ilə başladıq.

- Sonda demək istədiyin nələrsə var?

- Həyatda hər zaman məsuliyyətli olmaq lazımdır. İstər yaxşı, istərsə də pis günlərdə. Ümid edirəm ki, “Neftçi”də hər şey tezliklə məlum olar. Gözəl və mükəmməl layihə yaradırlar. Çünki klubda və komandada çox yaxşı insanlar çalışırlar. İnanıram ki, güclü heyət formalaşdırıb, illərlə bir ailə kimi davam edərlər. “Neftçi”yə bol-bol uğurlar arzu etmək istəyirəm. Azarkeşlərə və “Neftçi”yə gəlməyimdə əməli olan hər kəsə təşəkkür edirəm. Uğurlar və hər zamankı kimi – Forza Neftçi!

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti