"Sumqayıt"ın yarımmüdafiəçisi Rövlan Muradov Sportinfo.az-a müsahibə verib.
Təcrübəli futbolçu Konfrans Liqasına hazırlıq və turnirdə qarşılaşacaqları "Fehervar"la matçlar barədə söz açıb.
- İlk olaraq ondan başlayaq ki, ağır keçən mövsümdən sonra istirahət edə, yorğunluğunu çıxara bildinmi?
- Şükür Allaha, hər şey yaxşı keçdi. Yaxşı dincələ bildim. Artıq bütün fikirlərimi məşqlərə yönəltmişəm.
- Hazırlıq necə keçir? İstirahətdən sonra uyğunlaşmaq çətin deyil?
- Ağır məşqlərə öncədən hazır idik. Məşqçilər tərəfindən hamımıza məşq proqramı verilmişdi. Hər birimiz peşəkar futbolçu olaraq deyilənlərə istirahət dövründə də əməl etmişik. Çətinlik olaraq çox isti keçən havanı deyə bilərəm.
- Yəqin ki, məşqlərlə bərabər, həm də diqqətiniz püşkdə bəxtinizə hansı komandanın düşəcəyində idi. "Fehervar"la qarşılaşacağınızı biləndə necə reaksiya verdiniz?
- Açığı, səhər saatlarında biləndə ki, 5 komanda arasında "Fehervar" var, hiss edirdim ki, elə bu komanda rəqib olacaq. Düşünürəm ki, çətin komandadır. Vaxtımız var, çox ciddi hazırlaşacağıq. Məşqçilərin tapşırıqlarını maksimum yerinə yetirəcəyik ki, yaxşı nəticələr qazanaq.
- Macarlar həm də sənə tanış rəqibdir...
- Bəli, rəqib mənə tanışdı. "Qəbələ"də oynadığım zaman onlarla üz-üzə gəlmişik. Həmin heyətdən cəmi 2 nəfər qalıb. Çətin və maraqlı oyun bizi gözləyir.
- Bəli, asan olmayacaq. Amma bu komandaya qarşı 1 qol, 1 asistlə yadda qaldığını nəzərə alsaq, sənin üçün uğurlu rəqib olduğunu hesab edə bilərik?
- Düzdü, qol və asistimi tez-tez xatırlayıram. Bu dəfə də əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Qol və qol ötürmələri ilə komandama fayda verməyə çalışacam.
- Rəqib macarlar oldu, bəs arzuladığınız komanda hansı idi?
- Açığı, ayrı-ayrılıqda 5 komandanın hər biri çətin rəqiblər idi. Şəxsən mən "Fehervar" və ya "Hapoel"i düşünürdüm.
- Püşkdən sonra Samir Abasovun səninlə rəqib barədə hər hansı danışığı oldu?
- Hələ ki aramızda heç bir danışıq olmayıb.
XANOĞLAN İMANOV