COP29

"Klub rəhbəri olmaq üçün ya özün sponsor olmalısan, ya da sponsorun yaxın adamı"

17 İyun 19:00 Müsahibə 1 457
"Klub rəhbəri olmaq üçün ya özün sponsor olmalısan, ya da sponsorun yaxın adamı"

Tanınmış jurnalist, ATV-də efirə gedən "Futbolumuz" verilişinin layihə rəhbəri Emin Abbasov Sportinfo.az-a müsahibə verib.

- "Futbolumuz" ötən həftə efirə getmədi. Yay fasiləsinə çıxmısız?
- Bəli, bir az ara vermək qərarına gəlmişik. Zatən, bütün diqqətlər Avropa çempionatına yönəlib. Klublarımızın avrokuboklardakı mübarizəsi başlayanda, biz də efirə dönməyi düşünürük. Həm də bu vaxt ərzində müəyyən təşkilati məsələləri həll eləmək lazımdır.

- Artıq 3 ildir ki, bu layihədəsiz. "Futbolumuz" barədə nə deyə bilərsiz?
- Azərbaycan futbolu barədə həftəlik veriliş hazırlamaq asan iş deyil. Bir tərəfdən baxanda ölkə futbolu ilə maraqlanan auditoriya elə də böyük deyil. O biri tərəfdən də, müqayisə ilə götürsək, "Futbolumuz" digər kanallardakı həftəlik tematik verilişlər arasında efirə ən gec çıxanıdır. Bizə qədər demək olar hər şey barədə danışılır, bütün baş verənlər ekranlarda göstərilir. "Futbolumuz" yalnız ortaya qoyduğu mövqe, fikirlərin çatdırılma tərzi və bu kimi nüanslarla diqqət çəkmək imkanına malikdir. Bütün bu reallıqları da nəzərə alsaq, məncə, ortaya keyfiyyətli məhsul qoyuruq. Amma təbii ki, daha yaxşısını etmək mümkündür.

- Daha yaxşısını etməyə mane olan nədir?
- Mane olan deməyək, imkan çatmayan desək, daha doğru olar. Bilirsiz, bizdə bir çox sahələrdə kənardan baxıb çox rahat fikir yürüdən, başqa ölkələrlə müqayisə edənlər çoxdur. Məsələn, götürək Türkiyəni, onların futbol verilişlərini. Nə danışdıqlarını, nədən danışdıqlarını bir kənara qoyaq. Elə studiyalarına baxanda adam ekrandan qopmaq istəmir, göz qamaşdırır görüntü. Danışdıqları da "Qalatasaray", "Fənərbağça" kimi böyük azarkeş kütləsi olan klublar. Rejissor işini, qrafikanı, montaj və s. işləri də əlavə eləyəndə, ortaya möhtəşəm məhsul çıxır. Biz də istəyərik ki, elə studiyalarda efirə çıxaq, amma elələrinin qiyməti 1 milyon manatdan aşağı olmayacaq. Digər işləri görmək üçün də xeyli vəsait lazımdır. Bunlarla yanaşı, çempionatımızda "Qarabağ" səviyyəsində 5-6 komanda da olmalıdır ki, liqamıza maraq böyüsün.

-Bəs, əldə olan imkanlarla daha yaxşı nəsə etmək olarmı?
- Buna cavab vermək çətindir, təbii ki, öz adımızdan danışıram. Bizim formatımız elədir ki, təqdimatda aparıcı və ekspert kimi görünsə də, əslində, iki nəfərə 50 dəqiqə xarakteri daşıyır. Bəzən mövzudan kənara çıxan söhbətlərlə, məsəllərlə, bədii təsvirlərlə furbolumuz çərçivəsindən çıxmağa çalışırıq ki, tamaşaçılar üçün yorucu olmasın. Düşüncələr, planlar çoxdur. İmkan daxilində həyata keçirməyə cəhd edirik.

- Əvvəllər klub sektorunda da çalışmısız, "Qarabağ" və "Sabah" kimi klublarda iş təcrübəsinə maliksiz. Bu sahədən təkliflər varmı?
- "Sabah"dan ayrılandan sonra bir neçə təklif almışdım. Amma götür-qoy eləyəndən sonra belə qərara gəldim ki, indiki reallıqlarda fəaliyyətimi jurnalist, futbol eksperti kimi davam etdirsəm, daha yaxşıdır. Haradasa gedib işçi kimi çalışmaq marağımda deyil, rəhbər isə qoyası deyillər. Klub rəhbəri olmaq üçün ya özün sponsor olmalısan, ya da sponsorun yaxın adamı. Əslində, bu da anlaşılandı. Hərə öz güvəndiyi, bildiyi adamla çalışmaq istəyir, pulunu özününkünə əmanət eləyir. Ona görə deyirəm ki, bizə uyğun olanı jurnalistikadır.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?