"Qarabağ"ın 19 yaşadək komandasının baş məşqçisi Emin Mollayev Sportinfo.az-a müsahibə verib.
Gənc mütəxəssis arxada qalan mövsümü dəyərləndirib və gələcək planlar barədə söhbət açıb.
- Arxada qalan mövsüm komandanız üçün necə keçdi?
- Mövsümü 5-ci pillədə tamamladıq. U-19 Liqasının ağırlığını, məsuliyyətini nəzərə alsaq, komandamız üçün mövsümü qənaətbəxş hesab etmək olar.
- Mövsümün əvvəli rəhbərlik qarşınıza hər hansısa hədəf qoymuşdu?
- Ümumi olaraq akademiyamızın əsas hədəfi A komandasına futbolçu yetişdirməkdir. Planımızı bu istiqamətdə qurmuşuq.
- Əsas komandaya dəvət olunan yeni adlar var?
- Mövsüm ərzində həm bizim, həm də Əvəzedici komandanın futbolçuları əsas heyətlə məşqlərə cəlb edilir. Bu da gənc futbolçulara göstərilən diqqətdir. İnanıram ki, yaxın gələcəkdə əsas komandada yeni adlarla hamımız tanış olacağıq.
- Son illər akademiyadan gəlib "Qarabağ"da parlayan sima Nəriman Axundzadə olub. Hazırda eynisini edəcəyinə ümid bəslədiyiniz gənclər varmı?
- Bəli, var.
- Məsələn...
- Məncə, bu gün konkret ad çəkməyim doğru olmazdı. Lakin əminliklə deyə bilərəm ki, yaxşı perespektiv vəd edən gənclərimiz var. Bir az zamana ehtiyac olduğunu düşünürəm.
- Ötən yay bacarıqlı mütəxəssis Aftandil Hacıyev akademiyaya koordiantor gətirildi. Sanki rəhbərlik uşaq futboluna indi daha çox diqqət ayırmaq istəyir. İş əsnasında da bu canlanma hiss olunurmu?
- Bəli. Aftandil müəllim ölkə futbolunda kifayət qədər tanınan simadır. Onun iş prinsipi və təcrübəsindən yararlanmağa çalışırıq. Rəhbərliyin ümumi olaraq akademiyamıza göstərdiyi qayğı göz önündədir. Bu il Türkiyə, Qətər, Belarus və Estoniya kimi ölkələrdəki turnirlərdə iştirak etməyimiz də canlanmanın bariz nümunəsidir.
- Məşqçilər korpusunda "Qarabağ"ın və milli komandamızın veteran hücumçusu Rauf Əliyev də var. O, məşqçilikdə ilk addımlarını atır. Aranızda anlaşma necədir?
- Düzdü, Rauf müəllimin məşqçi kimi fəaliyyətinin ilk ili idi. Bir yerdə çalışmağımızın çox uğurlu alındığını deyə bilərəm. İşə yanaşması, böyük məşqçilik həvəsi komandaya çox müsbət təsir etdi. Futbolçuların inkişafında böyük rol oynayır.
- Forvard olduğunu nəzərə alsaq, hücumçuların inkişafına daha çox diqqət ayırırmı?
- Təbii ki, hücumçularımızın inkişafında əməyi böyük oldu. İstər fərdi, istərsə də komanda şəklində köməyini əsirgəmədi. Arxada qoyduğumuz mövsüm komandamız rəqib qapılarından 80 qol keçirə bilib. Kifayət qədər yaxşı göstəricidir.
- Son dönəmlər Əvəzedici Liqanın ləğv edilməsi müzakirə olunurdu. U-19 komandasının baş məşqçisi kimi bu ideyanı necə qarşıladınız?
- Müzakirələr oldu, amma bu qərar öz təsdiqini tapmadı. Ona görə də əlavə fikir bildirmək istəmirəm. Yeni mövsüm üçün Əvəzedici liqa olacaq. İştirak edən komandalara uğurlar arzulayıram.
XANOĞLAN İMANOV
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.