COP29

İspaniyalı "qara zolaq"dan çıxmağın reseptini "Sportinfo"ya açıqladı

28 Sentyabr 2023 16:00 Müsahibə 655
İspaniyalı "qara zolaq"dan çıxmağın reseptini "Sportinfo"ya açıqladı

Premyer Liqanın 7-ci turunda “Kəpəz”lə bərabərə qalan (2:2) “Sabah”ın ispaniyalı mərkəz müdafiəçisi Con İrasabal Sportinfo.az-a müsahibə verib.

- Qol vurduğun görüşdə komandan vacib xallar itirdi. Qələbə qazanmağınıza nə mane oldu?

- Bizi çətin oyun gözlədiyini bilirdik. Gözlənilən kimi də oldu. Lakin rəqib hər iki qolu bizim səhvimizdən vurdu. Növbəti matçlarda qalib gəlmək istəyiriksə, bu cür anlarda daha diqqətli olmalıyıq.

- Baş məşqçi Murad Musayev komandasının autsayderlə matçda da qələbə qazana bilməməsinin onu qorxutduğunu bildirdi. Futbolçular da gələcəklə bağlı qorxu içindədir?

- Düşünürəm ki, hələ heç nə itirilməyib. Mövsümün əvvəlidir. Fikrimcə, bu vəziyyətdən çıxmaq olar. Ancaq əlbəttə, mümkün qədər tez toparlanmaq lazımdır.

- Səncə, sizin üçün mövsüm niyə belə uğursuz başladı?

- Bir çox səbəb göstərmək mümkündür. Bu səbəblərdən biri kimi onu göstərə bilərik ki, komandada çoxlu yeni oyunçular var. Onlardan bir neçəsi mövsüm başlayandan sonra bizə qoşuldu. Yeni futbolçuların komandaya tam uyğunlaşması üçün müəyyən vaxta ehtiyac var. Fikrimcə, zamanla hər şey qaydasına düşəcək.

- Bundan sonra “Sabah” azarkeşləri nəyə ümid etsin?

- Bizə inanmağa, stadiona gələrək dəstək verməyə davam etsinlər. Onların dəstəyi bizim üçün vacibdir. Biz də əlimizdən gələni edəcəyik ki, yaxşı nəticələrlə onları sevindirək.

- Toparlanmaq, qələbələri sıralamaq üçün komanda yoldaşlarına hansı sözləri deyərdin?

- Oyunlarda son dəqiqəyə kimi təmkinli olmaq, sona kimi gərgin mübarizə aparmaq, komanda yoldaşlarına meydanda sona kimi güvənmək və uğurlu nəticəyə inanmaq.

- Maraqlıdır, öz aranızda düşdüyünüz “qara zolaq” barədə müzakirə aparanda hansı qənaətə gəlirsiniz?

- Əlbəttə, öz aramızda söhbətlərdə də toparlanmalı olduğumuzu deyirik. Əsl komanda gücü bu cür çətin anlarda üzə çıxır. Bizdə komandada futbolçularda bir-birinə inam var. Hər birimiz inanırıq ki, tezliklə toparlanaraq müsbət nəticələr qazanacağıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti