COP29

Şahruddin hara gedib? - Oradan gələn tanınmış azərbaycanlı danışır ki…

15 Sentyabr 2023 16:40 Müsahibə 8 018
Şahruddin hara gedib? - Oradan gələn tanınmış azərbaycanlı danışır ki…

Şahruddin Məhəmmədəliyev 3 illik müqavilə bağladığı “Adana Demirspor” azərbaycanlı futbolsevərlər üçün tanış addır.

11 il əvvəl – 2012-2013 mövsümünün ilk yarısında məhz bu komandada Azərbaycan millisinin sabiq futbolçusu Cavid Hüseynov çıxış etmişdi.

Düzdür, Adana təmsilçisi həmin vaxt PTT Liqasında çıxış edirdi və maddi problemlər üzündən Cavid orada çox qalmamışdı.

“Adana Demirspor”un durumu o vaxtkı dönəmlə müqayisədə xeyli dəyişsə də, Şahruddin mövzusunda Hüseynovla danışmağı lazım bildik.

- 2012-ci ildə “Adana Demirspor”da oynamısan. Adanadakı futbol ab-havasını İstanbuldakı atmosferlə müqayisə etmək olar? Adananı futbol şəhəri hesab edə bilərik?

- Tam İstanbuldakı qədər olmasa da, oradakı atmosferdən geri qalmır. O vaxt birinci liqada çıxış edirdik və yadımdadır ki, hər ev oyunumuza azı 10-15 azarkeş gəlirdi. İndi komanda Super Liqada çıxış edir, imkanları genişlənib, tanınmış baş məşqçi və futbolçuları var. Əminəm ki, indiki azarkeşlərin sayı qat-qat çoxdur. Bir şəhərin iki komandası olmasına baxmayaraq, ən çox azarkeş kütləsi “Adana Demirspor”dadır.

- Baza, infrastruktur, ümumi şərait hansı səviyyədə idi?

- Mən oynayan dönəmdə vəziyyət normal idi. Səhv etmirəmsə, 6 məşq meydançası var idi. Yəqin ki, həmin meydançaları qalıb və durumları daha da yaxşılaşıb. Yay aylarında havalar çox isti olurdu deyə, ot örtüyündə müəyyən problemlər yaranırdı. Ümumi bazadan danışmalı olsaq, o vaxt şərait yaxşı idi.

- Şahruddin yerli azarkeşlərin sevgisini qazanmaq üçün nə etməlidir? Fanatlar gəlmə futbolçulardan əsasən nə istəyir, nə gözləyir?

- Şahruddin ilk növbədə əlinə düşən imkanı dəyərləndirməyi bacarmalıdır. Məhəmmədəliyev təcrübəli oyunçudur, özü də bəzən azarkeşlərə müsbət mənada jestlər etməyi bacarır. Fikrimcə, fanatlarla əlaqə qurmaq, dil tapmaq baxımından problem yaşamayacaq. Adanada azərbaycanlıları sevirlər, özüm bunun əyani şahidi olmuşam. Və əminəm ki, insanlar Şahruddini sevəcək, Adananın qapıları üzünə açıq olacaq.-

- Xatırlayıram, sən oynayan dönəmdə klubda ciddi maliyyə böhranı vardı, hətta sənin də rəhbərlikdə maddi şərtlərə görə problemin olmuşdu. Yəqin ki, indiki durum yaxşı mənada fərqlənir.

- O vaxt PTT Liqasında tək bizdə yox, digər klublarda da pul problemi var idi. Amma indiki vəziyyət tam başqadır. Hazırkı prezidentləri kifayət qədər imkanlıdır və ən vacibi, futbolu sevən adamdır. Hətta futbol fanatıdır deyə bilərəm. Komandada o qədər məşhurlar var. Maddi sıxıntı olsaydı, gəlməzdilər. “Adana Demirspor” Super Liqaya yüksələndən sonra klub haqda mənfi rəy eşitməmişəm.

- Vaxtilə səninlə çiyin-çiyinə oynamış futbolçulardan kim(lər)sə qalıb?

- Xeyr, heç kim qalmayıb. Böyük əksəriyyət karyerasını başa vurub, yaşca bizdən kiçik olanlar isə başqa klublara üz tutub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti