COP29

“O, mənim qaqaşımdır” – Azərbaycana gələn legionerdən MARAQLI AÇIQLAMALAR

4 Sentyabr 2023 23:40 Müsahibə 1 146
“O, mənim qaqaşımdır” – Azərbaycana gələn legionerdən MARAQLI AÇIQLAMALAR

Son illər Fransadan ölkəmizə gələn futbolçuların sayı durmadan artmaqdadır.

Əslən Madaqaskardan olan, lakin Fransada doğulub-böyüyən Aleksandr Ramalinqom da onlardan biridir.

Vaxtilə “Ayaçço”, “Bezers”, “Marignan”, “Sedan” kimi komandaların şərəfini qorumuş 30 yaşlı hücumçu cari mövsümdə “Səbail”in uğurları üçün tər tökür.

Gülərüz, zarafatcıl, ünsiyyətə meylli Alekslə söhbətləşdik.

- “Səbail”dəki dördüncü oyunda ilk qolunu vurdun. Gec olmadı ki?

- Hər oyuna qol vurmaq üçün çıxıram. Lakin futbol elədir ki, hər dəfə istədiyini edə bilmirsən. Buna qədər ələ düşən imkanları dəyərləndirə bilməmişdim. Bu dəfə şansdan maksimum yararlandım. Hətta deyim ki, 5-ci dəqiqədə vurduğum qol komanda yoldaşlarımın əhvalına yaxşı mənada təsir etdi. Həm özümün, həm də komandamın adına sevinirəm. Bu, başlanğıcdır, mütləq davamını gətirməliyik.

- Bakıda özünü necə hiss edirsən?

- Azərbaycan və Bakı ürəyimcədir. Ailəmlə xoş vaxt keçiririk. Bir ay ərzində maraqlı yerləri gəzmək imkanımız olub. Bildiyimə görə, Azərbaycanda səyahət etmək üçün ekzotik yerlər çoxdur.

- Asudə vaxtlarınızı necə keçirirsiniz?

- Əsasən molları gəzirik (ticarət mərkəzləri). Ümumiyyətlə, şəhərin istənilən yeri adamda xoş təəssürat yaradır. Küçələr təmiz və işıqlıdır, restoranların, alış-veriş mərkəzlərinin sayı çoxdur. Ən sevdiyim yer “Dəniz Mall”ın ətrafıdır. Oradan dayanıb baxanda Bakı çox gözəl görünür.

- Azərbaycana gəlməmişdən əvvəl ölkəmiz haqda təəssüratların necə idi?

- “Səbail”dən təklif alandan sonra hazırkı komanda yoldaşım David Qomislə əlaqə yaratmışdım. O da mənim kimi fransızdilli olduğu üçün lazım olan məlumatları almışdım. Yalnız və yalnız xoş sözlər söyləyirdi. Hətta kamera vasitəsi ilə Bakını göstərmişdi. Əsas odur ki, ailəm və özüm burada çox rahatıq.

- Azərbaycanda Fransadan gələn futbolçuların sayı çoxdur. Əsasən kimlərlə dostluq edirsən?

- “Qarabağ”da çıxış edən Abdullah Zubirlə yaxın münasibətimiz olmasa da, ortaq dostumuz var. Vaxtilə Liqa-2-də bir-birimizə qarşı rəqib qismində oynamışıq. Zubir o vaxt “Lans”da çıxış edirdi. Faysal Rerras da yadınızdadır yəqin. O da vaxtilə mənimlə Liqa-2 komandasında (“Bezers” klubu) birlikdə oynayıb. Rerras mənim qaqaşımdır (Azərbaycan dilində deyir – H.). Gəlməmişdən əvvəl onunla da danışmışdım. Mənə ən xoş təəssüratlarını deyib, düşünməməyi məsləhət gördü.

HƏBİB SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti