COP29

"Azərbaycan klubu israr etdi ki…” - İspaniyalı MÜSAHİB

30 Avqust 2023 10:40 Müsahibə 1 068
"Azərbaycan klubu israr etdi ki…” - İspaniyalı MÜSAHİB

“Turan Tovuz”un yarımmüdafiəçisi Serrano Qarsiya Sportinfo.az-a müsahibə verib.

İspaniyalı legioner ölkəmizə gəlişi, burdakı həyat tərzi və gələcək planlarından danışıb.

- Azərbaycana gəlişin necə baş tutdu?

- Azərbaycanlı agent Erkin İbrahimov bizimlə əlaqə saxlayıb, klubun təklifini göndərmişdi.

- Azərbaycanı təklifə kimi tanıyırdın?

- Xeyr. Mən heç vaxt burada olmamışam

- Burada çoxlu sayda ispaniyalı futbolçular oynayıb. Arasında məsləhət aldığın kimsə oldu?

- Bəli. İllər əvvəl mənimlə “Selta”da oynamış Manalito Appehlə (“Sabah”ın legioneri) danışdım.

- Maraqlıdır, ilk sözləri nələr oldu?

- Salam aleykum (gülür).

- Ölkə haqqında nələr dedi?

- Gözəl ölkə olduğunu bildirdi. Yaşayış səviyyəsi yüksək olan şəhərdir. Bir az xaotik və yayda çox isti, lakin yaşamaq üçün yaxşı şəhər olduğunu dedi.

- Azərbaycan futbolu haqqında ilkin təəssüratların necədir?

- Burada fiziki rəqabət yüksəkdir. Mənim olduğum liqalardan fərqli olaraq burada cəmi 10 komanda var və hər komandaya qarşı 4 dəfə oynayırsan. Amma rəqabətin səviyyəsi yaxşıdır.

- “Turan”a gəlmək qərarına əsas təsir edən nə oldu?

- Erkin bəy bir neçə ay idi mənimlə əlaqə saxlayırdı. Klubun mənimlə müqavilə imzalamaqda israr etməsi və komandada vacib oyunçu olacağımı göstərməsi qərarıma birbaşa təsir etdi.

- Bir Aydan bir qədər artıq zamandı burdasan. Qərarından razısan?

- Əlbəttə!

- Təmsil olunduğunuz Tovuz paytaxtdan uzaqdadır. Orada qalmaq sıxıcı deyil?

- Biz Bakıda yaşayırıq. Tovuza ancaq ev oyunları üçün gedirik.

- Karyeranda çox klub olub. Tez-tez yer dəyişdirməyi özün xoşlayırsan?

- Uzun illər bir yerdə olmaq imkanı mənə verilməyib. Mən də yeni imkanlar və çağırışlar axtarışında olaraq yerləri dəyişdirmək məcburiyyətində qalmışam.

- Azərbaycan mətbəxinə münasibətiniz necədir?

- Bir neçə restoranda oldum, amma ölkənin öz mətbəxinə aid xüsusi heç nə yox idi.

- Deməli, bütün əcnəbilərin sevdiyi kababı hələ yeməmisiniz…

- Hələki yox. Amma mütləq dadına baxacam (gülür).

- Yerli əhali haqqında nələr deyə bilərsiniz?

- Çox yaxşı və yardımsevər insanlardı. Hər an kömək etməyə çalışırlar.

- Ölkəmizə tam uyğunlaşdığını demək olarmı?

- Bəli.

- Meydanda olduğun görüşlərdəki performansından razısan?

- Xeyir, mənim əsl səviyyəm indiyə qədər göstərdiklərimdən yaxşıdır.

- Əsl səviyyəni göstərməyə nə mane olur?

-Komandaya gec gəldim və mövsümöncəsi hazırlıqda iştirak etmədim.

- O zaman biz daha yaxşı Serranonu nə vaxta görə bilərik?

- Tezliklə baş verəcəyinə ümid edirəm.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti