COP29

Çempion azərbaycanlı qızlara nəyi məsləhət gördü? - MÜSAHİBƏ

26 Avqust 2023 19:40 Müsahibə 595
Çempion azərbaycanlı qızlara nəyi məsləhət gördü? - MÜSAHİBƏ

Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında İtaliyanın ən güclü stend atıcısı iştirak edir.

Jessika Rossi 2012-ci ildə London Olimpiadasında qızıl medal qazanıb. 31 yaşlı atlet 3 dəfə dünya çempionu, 2 dəfə Avropa çempionu, 1 dəfə Avropa Oyunlarının qalibi və 1 dəfə Dünya Kubokunun finalında ən yaxşı adını qazanıb.

Jessika müsahibəsində atıcılığı seçməsi, qazandığı uğurlar, atıcılıq sənətinin əsas sirləri ilə bağlı sualları cavablandırıb.

- Növbəti dəfə səfər etdiyiniz Azərbaycanla bağlı təəssüratlarınızı eşitmək maraqlıdır.

- Bu, Azərbaycana dördüncü səfərimdir. Açığı, Bakının hər yerini gəzmək imkanım olmayıb. Yalnız İçərişəhəri qeyd edə bilərəm ki, oradakı qədimlik diqqətimi çəkdi. Xatırlayıram, səfərlərimin birində Bakıda “Formula-1” yarışları keçirilirdi. Ümumi götürsək, buranı çox bəyənirəm.

- İştirakçılar Bakı Atıcılıq Mərkəzi haqda yüksək fikirdədir. Maraqlıdır, paytaxtımızdakı mərkəzin xüsusi özəlliyi nədir?

- Dünyanın bir çox mərkəzlərində olmuşam. Deyim ki, Bakı Atıcılıq Mərkəzi ən yaxşılardan biridir. Buranı daha çox ona görə bəyənirəm ki, stend, tapança və tüfəng atışlarının hamısı eyni ərazidə təşkil olunub. Üstəlik, otel binası da uzaqda deyil. Atəş meydançaları texniki baxımdan saz vəziyyətdədir. Bir sözlə, buradakı rahatlıq və gözəllik ürəyimcədir.

- İlk dəfə neçə yaşında atış açmağa başlamısınız?

- 12 yaşım var idi.

- Qızların daha çox maraq göstərdiyi gimnastika, üzgüçülük, volleybol, həndbol kimi idman növləri varkən niyə məhz atıcılıq?

- Çünki, atam atıcılıqla məşğul idi və uşaq vaxtı məni özü ilə poliqonlara aparırdı. Ona görə də kiçik yaşlarımdan tüfəngə daha çox maraq göstərmişəm.

- Beynəlxalq İdman Atıcılıq Federasiyasının italiyalı prezidenti Lusiano Rossi ilə qohumluğunuz var?

- (gülür) Xeyr, qohum deyilik. Sadəcə, Rossi İtaliyada məşhur soyaddır deyə, ikimizdə də eynilik təşkil edir.

- Ova gedirsiniz?

- Xeyr-xeyr. İllər öncə ovdan atıcılığa gələnlərin sayı çox idi. Əksəriyyət əlinə ilk dəfə ov tüfəngi alıb. Ancaq indi bu sahəyə daha çox idman növü kimi maraq göstərib gəlirlər.

- Uğurlu atıcı olmaq üçün nə etmək lazımdır? Məsələn, gündə neçə saat məşq edirsiniz?

- Normalda atəş meydançalarında günümün 5-6 saatını keçirirəm. Qış aylarında atış müddəti az olur, diqqətimi daha çox qapalı məkanlarda idmana ayırıram. Adi vaxtlarda həftədə 5-6 gün, gündə 5-6 saat atış edirəmsə, mötəbər turnirlər ərəfəsində məşqlərə daha çox zaman ayırmalı oluram.

- Atıcılıq xərc tələb edən idman növüdür. Şəxsi sponsorunuz varmı?

- Şəxsi yox, texniki xərclər üzrə sponsorumuz var – “Berretta” və “Fiokki”.

- 2012-ci ildə, 20 yaşınızda London Olimpiadasında qızıl medal qazanmışdınız. Həmin uğura təəccüblənmişdiniz?

- Həmin vaxt ideal formadaydım. Hətta Olimpiadadan 1 il əvvəl dünya çempionu olmuşdum. Olimpiadaya inamlı qatılmışdım və qarşıma medal qazanmaq tələbini qoymuşdum. Hətta dünya rekorunu qırmaq haqda düşünürdüm. “Qızıl” qazansam da, rekord istəyim baş tutmamışdı.

- 2012-ci ildəki “qızıl” hələ ki, birinci və sonuncudur. Rio və Tokio Olimpiadalarını medalla başa vurmağınıza nə mane oldu?

- Hər yarışın öz tarixçəsi var. Bəli, Londondakı unudulmazdır. Təbii, sonrakı yarışlarda da eyni uğura imza atmaq istəyirdim. “Rio-2016”da finala çox yaxın idim. Ancaq qaydaların dəyişməsi səbəbindən medalsız qaldım. Tokio Olimpiadasında isə finalda yarışmağım üçün 1 xal çatmamışdı. Ümumi nəticələrə baxsaq, olimpiadalarda uğursuz olduğumu düşünmürəm.

- Yaxşı atıcı olmağın sirri nədədir?

- İşə, sənətə bağlı olmaq olduqca vacibdir. Əzmkarlıq və xarakter də mütləqdir. Və ən vacibi, məşqlərə ciddi yanaşmaq.

- Azərbaycanlı atıcı qızlar üçün yaradılan şəraiti görürsünüz. Lakin hələ ki, təcrübəsizdirlər, təcrübəlilərdə isə son anda nəsə çatmır. Uğurlu idmançı kimi onlara nə kimi tövsiyələr verə bilərsiniz?

- İdmanda qətiyyət çox vacibdir. Onlara səylə məşq etməyi və uduzduqları yarışlardan sonra ruhdan düşməməyi tövsiyə edə bilərəm. Çünki, hər yarışın özü böyük təcrübədir. Məşq, məşq, məşq...

Həbib Aslanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti