“Neftçi”nin yeni transferi Yuri Matias Azərbaycan mətbuatında ilk müsahibəni Sportinfo.az-a verib.
Komandası ilə birlikdə Moskvadan Bakıya qayıdan braziliyalı müdafiəçi səhər saatlarında hava limanındaca suallarımızı cavablandırıb və hər kəsi maraqlandıran çempionluqla bağlı suala aydınlıq gətirib.
- “Neftçi”dəki 2-3 günlə bağlı təəssüratların necədir? Özünü necə hiss edirsən?
- Kifayət qədər xoşbəxt olduğumu deməliyəm. Klub haqqında müəyyən məlumatlarım var idi. Lakin Bakı haqqında heç nə bilmirdim. Burada oynayan tanış futbolçularla danışandan sonra fikrimi qətiləşdirdim. Onlar mənə “düşünmə, gəl” dedilər.
- Rumıniyada diqqət çəkən futbolçulardan idin və bildiyimə görə, “Rapid” də səni heyətinə qatmaq istəyirdi. “Neftçi”ni seçməyində həlledici rolu nə oynadı: Adrian Mutu amili, yoxsa cəlbedici müqavilə şərtləri?
- Səmimi deyəcəm, eşitdiklərimdən sonra karyeramı Azərbaycanda davam etdirmək həvəsində idim. Son illər titullar uğrunda mübarizə aparan komandaların şərəfini qorumuşam. “Neftçi” haqqında öyrənəndə məlum oldu ki, klubun yaxın gələcəklə bağlı böyük planları var. İki səbəbə görə seçdim – birincisi Mutuya, ikincisi “Neftçi” tarixi klub olub, mükafatlar uğrunda mübarizə apardığına görə.
- “Neftçi” azarkeşləri səndən və “Neftçi”dən nə gözləsin?
- Komandaya qoşulduğum gündən hər kəsin məşqlərdə necə can yandırdığını görürəm. Özüm də çalışqanlığı və döyüşkənliyi sevirəm. “Neftçi”ni turnir cədvəlində birinci pilləyə yüksəltmək, hər oyundan 3 xalla ayrılmaq, bir sözlə, azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Özümə gəlincə, təcrübəmlə komandama fayda verəcəyimə söz verirəm.
- “Spartak”la oyunda əsas heyətdə meydana çıxdın. Səncə, bu komanda ilə Konfrans Liqasının qrupuna vəsiqə qazanmaq, çempion olmaq mümkündürmü?
- Səmimi danışaq, “Spartak” başqa səviyyədir. Heyətlərindəki futbolçuların adlarından və qiymətlərindən xəbəriniz var yəqin. Bilirdik ki, bizim üçün çox çətin olacaq. Ona görə də bu matçı əsas tutmağın tərəfdarı deyiləm. Yaxşı komandamız var və inanıram ki, qarşımıza qoyduğumuz hədəflərin öhdəsindən gələcəyik. Bir az zamana ehtiyacımız var.
- Fiziki durumunda əskiklik hiss olunurdu. Tam hazır deyilsən deyəsən.
- “ÇFR Kluj”la lazım olan hazırlığı keçmişəm. Lakin hələ də 100 faiz hazır olduğumu deyə bilmərəm. Hardasa 90 faiz deyim. Sağlıq olsun, bir həftədən sonra istədiyim formanı yığa biləcəyimi düşünürəm.
HƏBİB / SPORTİNFO.AZ