Premyer Liqanın 31-ci turunda “Sabah” səfərdə “Turan Tovuz”u 2:0 hesabı ilə məğlub etməyi bacardı.
"Tləbələr”in almaniyalı hücumçusu Coy-Lens Mikels Sportinfo.az-ın suallarını cavablandırıb.
- Səfər oyununda, həm də süni örtükdə əldə olunan qələbə ilə bağlı fikirlərini eşitmək maraqlıdır.
- Oyunun başa çatmasına görə sevinirəm (gülür).
- Niyə?
- Bu gün özümü heç də yaxşı hiss etmirdim, ona görə. Əlbəttə, bizim üçün çətin 90 dəqiqə oldu. Açığı, süni örtükdə oynamağa alışmamışıq. Bu, işimizi bir qədər də çətinləşdirirdi. Bu cür örtükdə 2:0 hesabı ilə qalib gəldiyimizə görə sevincliyəm.
- Anatoli Nuriyevlə Aleksey Kaşuk şou göstərdiyi oyunda sənin kölgədə qalmağın nə ilə bağlı idi?
- Hər ikisini təbrik edirəm. Möhtəşəm oyun göstərdilər. Kaşukun adına çox sevinirəm. Artıq “Sabah”da tək mən qol vurmuram, Kaşuk da arxamca gəlir. Özümə gəlincə, xüsusi səbəb yoxdur. Sadəcə, bu gün istədiklərimi edə bilmədim, yaxşı oynamadım. Növbəti oyunu gözləyək.
- Avrokuboklara vəsiqəni təmin etmisiniz, mövsümü ikinci pillədə başa vuracağınız da böyük ölçüdə dəqiqləşib. Bu məqam qarşıdakı 5 oyuna köklənməyinizə mane olmayacaq ki?
- Hələ heç nə bitməyib. Qarşıdakı oyunların hər biri vacibdir. Razıyam, avrokuboklara vəsiqə qazanmışıq. Ancaq növbəti matçlara ciddi yanaşmasaq, ikinci pillə əlimizdən çıxa bilər. Çempionatın finişinə 5 həftə qalıb. İndidən rahatlaşmaq olmaz. Mübarizəni sona qədər davam etdirməliyik.
HƏBİB