COP29

“Qarabağ”ın yeni transferi “Sportinfo”ya etiraflar etdi - MÜSAHİBƏ

31 İyul 20:00 Müsahibə 9 355
“Qarabağ”ın yeni transferi “Sportinfo”ya etiraflar etdi - MÜSAHİBƏ

“Qarabağ”ın yeni qapıçısı Fabiyan Buntiç Sportinfo.az-a müsahibə verib.

Almaniyada doğulan əslən xorvatiyalı "Linkoln” üzərində qazanılan 5:0 hesablı qələbədən sonra sualları cavablandırıb.

- Oyunda səni təəccübləndirən nə oldu?

- Ən çox xoşuma gələn azarkeşlərin tribunalarda yaratdığı ab-hava oldu. Həqiqətən möhtəşəm görüntülər idi. Bu, öz meydanımızda ilk oyunum olduğundan, onlar məni yaxşı mənada təəccübləndirməyi bacardılar. Matça gəlincə, haqq etdiyimiz qələbəni əldə etdik. 5 qol vurmağımız isə irəli xətdəki futbolçularımız üçün stimuldur. Yaxşı başlanğıcdır, davamını gətirməliyik.

- Belə atmosferdə oynadığını xatırlayırsan?

- Bəli, olub. Portuqaliyada “Sportinq”, “Benfika”, “Portu” kimi komandalarla matçda əla görüntülərə şahidlik etmək mümkündür. İkinci Bundesliqada da böyük komandalarla görüşlərdə azarkeşlər çox olur. Hər ölkənin özünəməxsus azarkeş mədəniyyəti var. “Qarabağ” azarkeşləri həqiqətən möhtəşəm idi.

- Rəqib futbolçular qapınız qarşısında təhlükəli vəziyyətlər yaratmaqda çətinlik çəkirdi. Darıxmırdın və ya başını qatmaq üçün nə edirdin?

- Belə oyunlarda diqqəti əldən vermək olmaz. Hər an qapımda təhlükə yaşana bilərdi. Necə ki, 1-2 epizodda bunu etməyi bacardılar. Ona görə də diqqətimi top olan mövqelərə yönəldirdim ki, bir neçə saniyənin içində həmin top qapımın qarşısında ola bilər.

- “Qarabağ”a uyğunlaşma prosesi necə gedir?

- Bir neçə dildə sərbəst danışıram – portuqalca, ingiliscə, xorvatca və təbii ki, almanca. Uyğunlaşma prosesində bu üstünlüyün mənə çox köməyi dəydi. Həm də, “Qarabağ”da əla ab-hava var, hamı bir-birinə kömək edir. İstər komanda yoldaşlarım olsun, istərsə də klubda çalışanlar – daim dəstək olurlar. Burada özümü xoşbəxt hiss etdiyimi deməliyəm.

- Görünüşcə əzazil insan təsiri bağışlayırsan. Baxışlarında qəribəlik var sanki. Xaraktercə necə birisən?

- Söhbət futboldan gedirsə, bəli, son dərəcə ciddi və amansızam. İşimə fokuslananda başqa cür oluram. Amma gündəlik həyatda hamı ilə dil tapan, heç kimin xətrinə dəyməyi xoşlamayan biriyəm. Hər şeyin öz yeri var. Bəzən gülməyi də bacarıram, bax, belə (gülümsəyir).

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti