COP29

Dino Ndlovu: “Mən həmişə "Qarabağ"a qayıtmaq istəmişəm”

26 İyul 02:20 Müsahibə 3 493
Dino Ndlovu: “Mən həmişə "Qarabağ"a qayıtmaq istəmişəm”

“Qarabağ”ın sabiq forvardı, vaxtilə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasında böyük pay sahibi olmuş Dino Ndlovu Azərbaycanda çıxış etdiyi dönəmi xatırlayıb və ölkəmizə qayıtmaq ehtimalından danışıb.

Sportinfo.az Cənubi Afrika Respublikasından olan 34 yaşlı hücumçunun apasport.az-a müsahibəsini diqqətinizə çatdırır:

- Ötən mövsüm “Sakaryaspor”da oynamışdın, amma sonradan bu komandadan ayrıldın. Hazırda da klubsuzsan...

- Elədir. Ötən mövsüm “Sakaryaspor” mənə təklif göndərdi və razılaşıb qəbul etdim. “Boluspor”dan ayrıldıqdan sonra növbəti Türkiyə klubu idi ki, anlaşdıq. “Sakaryaspor” üçün maksimumu etdim. Əslində, pis də alınmadı. Amma elə oldu ki, yollarımızı ayırdıq. İndi də bir neçə təklifim var. Necə olacağını yaxın günlərdə görəcəyik.

- "Qarabağ"ın oyunlarına heç baxırsan? İzləyirsən bu komandanı?

- Əslində, əvvəl oynadığım komandalar mənim üçün həmişə maraqlıdır. "Qarabağ" da xüsusilə. Çünki bu komandada yaxşı anlarım olub. Bəzən "Qarabağ"ın oyunlarına baxıram.

- Ötən mövsüm "Qarabağ" avrokuboklarda uğurla çıxış etmişdi. Buna görə də, onların bu mövsüm Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanacağına inananlar az deyil. Sən bu haqda nə düşünürsən?

- Düzünü desəm, "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb-qazanmayacağını bilmirəm. Amma komandanın bunu etmək üçün potensialı yüksəkdir. Onlar bu məqsədə çata bilərlər.

- "Qarabağ"a geri qayıtmaq haqda düşünmüsən heç? Bunu istəyərdin?

- Əlbəttə ki, mən həmişə "Qarabağ"a qayıtmaq istəmişəm. Bu da heç vaxt sirr olmayıb. "Qarabağ" mənim ürəyimdə yer alan komandadır. Hər zaman da belə qalacaq. "Qarabağ"la yanaşı, Azərbaycan xalqı da ürəyimdədir. Hansı ki, daim bu komandaya dəstəkdir.

- "Qarabağ"ı izlədiyini dedin. Səncə, indiki "Qarabağ" güclüdür, yoxsa sənin oynadığın vaxtdakı komanda?

- Mənim üçün “Qarabağ” yenə də güclüdür. Sadəcə məsələ təcrübə ilə bağlıdır. Çoxlu təcrübəli və orta yaşlı oyunçularımız var idi. Lakin "Qarabağ" elə əvvəlki kimi güclüdür. Məsələn, "Braqa" və "Bayer"ə (Leverkuzen) qarşı əla oynamışdılar. Hər iki görüşdə ortaya mükəmməl iş qoydular. “Braqa” səddi keçildi. Ancaq “Bayer”lə matçda oyuna görə uduzmadılar. Sadəcə təcrübə burada öz sözünü dedi. Məncə, onlar bu mövsüm ötənilkindən də uğurlu olacaqlar.

- Baş məşqçi postunda isə yenə də Qurban Qurbanov yer alır. Onunla işbirliyini necə xatırlayırsan?

- Bu həqiqətən də çox xoşdur. Qurban Qurbanov birlikdə çalışdığım ən böyük məşqçilərdən biridir. O, əla mütəxəssisdir. İşinin peşəkarı və böyük məşqçidir. Özü də, hər il onun özünün də məşqçi kimi təkmilləşdiyini görürəm. “Qarabağ”a və Qurban Qurbanova uğurlar arzulayıram.

- Bu mövsüm “Qarabağ”ın Çempionlar Liqasında qrupa düşmək potensialının olduğunu dedin. Turnirə 2-ci mərhələdən başlayacaqlar...

- Bəli, bundan xəbərim var. Komanda çıxışına 2-ci təsnifat mərhələsindən başlayacaq. Ümidvaram ki, “Qarabağ” hansı mərhələdən başlayırsa-başlasın, uğurlu çıxış edəcək. Artıq komanda uzun müddətdir ki, avrokuboklarda mübarizə aparır. Heyətdə də çox dəyişiklik olmayıb. Fikrimcə, 2024/25 mövsümündə daha uğurlu çıxış edə biləcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?