Türkiyədə haqqında ən çox danışılan adam Bakıya gəldi

21 Mart 23:20 Milli komanda 861
Türkiyədə haqqında ən çox danışılan adam Bakıya gəldi

Azərbaycan millisi martın 22-də 2025-ci ildə ilk oyuna çıxacaq.

Fernandu Santuşun rəhbərlik etdiyi kollektivin sınaq matçındakı rəqibi Haiti seçməsidir.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanı Türkiyədən olan hakim idarə edəcək.

O da kim olsa yaxşıdır? Kadir Sağlam!

Qardaş ölkə futbolu ilə yaxından maraqlananlar 38 yaşlı referini yaxşı tanıyır. Kadir cari mövsümdə Türkiyədə “Qalatasaray”ın hakimi kimi ad çıxarıb.

Bu da səbəbsiz deyil. Belə ki, “sarı-qırmızılar” hər dəfə avrokubok matçlarından qayıdanda, Super Liqadakı görüşünə Sağlam təyinat alır və “cim-bom” qələbə qazanır. Analoji hal üç dəfə baş verdiyindən, futbol ekspertləri çıxış etdikləri verilişlərdə Hakimlər Komitəsini kəskin tənqid ediblər.

Sözügedən hakimin dırnaqarası populyarlığı bir az da artmışdı. Təbii ki, Joze Mourinyonun ona dediyi sözlərə görə. Fevralın 24-də baş tutan “Qalatasaray” – “Fənərbağça” qarşılaşmasını Sloveniyadan olan Slavko Vinçiç idarə etmiş, Kadir Sağlam dördüncü hakim funksiyasını yerinə yetirmişdi.

Dünya şöhrətli Mourinyo oyundan sonra Vinçiçə yaxınlaşıb, böyük matçı layiqli idarə etdiyi üçün ona təşəkkür etmiş, Kadirə isə bu sözləri demişdi:

“Əgər bu oyunu hansısa türk hakim idarə etsəydi, fəlakət olacaqdı”.

Yeri gəlmişkən, türkiyəli ədalət təmsilçisi indiyə qədər milli komandalar səviyyəsində üç matçda iş başında olub ki, bütün hallarda yoldaşlıq görüşlərini idarə edib. Və bütün hallarda qələbəyə sevinən qonaqlar olub.

Azərbaycan – Haiti qarşılaşması saat 21:45-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Mart 08:00 Azərbaycana yaz gəldi