Azərbaycan komandası Millətlər Liqasının son - 6-cı turunda İsveçə 0:6 hesabı ilə uduzub.
Sportinfo.az xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız qrupu 1 xalla sonuncu - 4-cü pillədə başa vurub.
C liqasında qrup sonuncusu olan 4 komandadan daha pis nəticə göstərən 2-si D liqasına birbaşa düşür. Yarışın Əsasnaməsinə görə,
D liqasının 2 ən güclü komandası isə C liqasına yüksəlir. C liqasında qrup sonuncusu olan ən yaxşı nəticəyə malik 2 milli isə D liqasının 2 qrup ikincisi ilə 2 matçdan ibarət pley-off görüşü keçirəcək (evdə və səfərdə).
Azərbaycan millisi C liqasında ən pis nəticəyə malik komandalardan biri kimi birbaşa D liqasına düşüb. D liqasına birbaşa yuvarlanan digər komanda isə Litvadır (6 oyun, 0 xal).
Latviya və Lüksemburq isə D liqasının 2 qrup ikincisi ilə - Malta və Cəbəllütariqlə 2 matçdan ibarət pley-off görüşü keçirəcək.
Azərbaycan yığması budəfəki Millətlər Liqasının qrup mərhələsində cəmi 3 qol vurub, 17 qol buraxıb. Bugünkü oyunadək komanda Slovakiyaya 1:3 və 0:2 hesabı ilə uduzub.
Millimiz Estoniya ilə ilk görüşdə 1:3 hesabı ilə məğlub olub, son matçında 0:0 hesablı heç-heçə edib. Həmçinin Azərbaycan İsveçlə ilk görüşündə 1:3 hesabı ilə uduzub.