Adam vururuq.
Araq vururuq.
Mıx vururuq.
Göz vururuq.
Möhür vururuq.
Hara, necə desən vururuq, bir penaltidən başqa.
Sən canın, Ramil Şeydayevin İsveçin qapısına endirdiyi zərbə nəydi elə?
Sanki ayağına daş bağlayıb, şərt qoymuşdular ki, bu ağırlıqla topa zərbə vur, görək hara qədər gedəcək.
Nəriman Axundzadənin “nöqtə”yə yaxınlaşması.
Nədənsə mənə elə gəldi ki, Axundzadə topa yaxınlaşmamışdan əvvəl 5-10 saniyə özündən sol tərəfə baxıb, rəqib qapıçıya həmin istiqamətə vuracağını bildirmişdi.
Yadınızdadır? Məhəllə futbolunda ən sevdiyimiz şey penalti idi. Top kiminsə əlinə dəyəndə, “nöqtə”yə yaxınlaşmaq üçün qırğın edirdik. “11 metrə”ni iki daşın arasından (3-4 metrlik qapı idi) keçirməyənə pis baxırdıq. Futbol oynamasına yox e, topa yaxınlaşmasına qadağa qoyurduq.
Dünya-aləm əlini Allaha açıb dua edir ki, penalti olsun, qol vurub hesabda önə keçək, ya da hesaba tarazlıq gətirək. Bizimkilər penalti vuranda başımızı tuturuq. Qorxuruq, ürəyimiz ağzımıza qədər gəlir. Bütün mümkün ehtimalları götür-qoy edirik.
Günümüzə bax.
11 metrlik məsafədən 7 metr 32 santimetr enində hədəfi dəqiq nişan ala bilməyən adamlardan nəticə istəyirik. Adamlar topu dayanan yerdən, heç kimin mane olmadığı vəziyyətdən o boyda darvazaya soxuşdura bilmir, biz də axmaq kimi qələbəyə ümid edirik.
Futbolçuları penalti vura bilməyən komandanın başında Kriştiano Ronaldo ilə Avropa çempionu olan məşqçi dayanıbsa, bu dünyanın ədaləti qəhr olsun.
Biz də nəticə istəyirik.
HƏBİB / SPORTİNFO.AZ