Fernandu Santuş 2025-ci ilin sonunadək Azərbaycanda qalacaq.
Artıq buna heç kimin şübhəsi olmasın.
2024-cü ilin yayında millinin sükanı arxasına keçən portuqaliyalı buradan ayrılmaqla bağlı AFFA mənsublarının təklifini qəbul etməyib.
O, «Beşiktaş» xaricində indiyədək işlədiyi heç bir yerdən belə tez uzaşlaşdırılmadığını bildirib, böyük məbləğdə kompensasiya istəyib.
70 yaşlı mütəxəssis təzminat şərtlərində güzəştə getməyib, vaxtilə Portuqaliya, Yunanıstan və Polşa yığmalarında da fəaliyyət göstərmiş Santuş imic məsələsinin onun üçün böyük önəm daşıdığını sölyəyib.
Komandamız UEFA Millətlər Liqasının C Liqası ilə vidalaşdı. Qrupda sonuncu yeri tutan yığmamız ən aşağıya - D Liqasına yuvarlandı.
Santuş bu biabırçılığın məsuliyyətini öz üzərinə götürməyib. O, qeydə alınan uğursuzluğun səbəbkarları qismində bəzi futbolçuları göstərib.
Baş məşqçi iddia edib ki, Emin Mahmudov və Ramil Şeydayev başda olmaqla, bir neçə oyunçuya böyük ümidlər bəsləsə də, gözləntiləri özünü doğrultmayıb.
Yığmamızı qarşıda dünya çempionatının seçmə mərhələsi gözləyir. D qrupunda yarışacağıq. Fransa/Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya ilə eyni qrupda mübarizə aparacağıq.
Fransa və Xorvatiya UEFA Millətlər Liqasının oyununda üz-üzə gələcəklər. Qalib komanda D qrupunda mübarizə aparmaq hüququ qazanacaq
Portuqaliyalı məşqçi qrupla bağlı AFFA-ya heç bir vəd verməyib. Sadəcə, «mən nəyəsə ümidliyəm» deyib. Bu «nəyəsə»nin arxasında nə dayandığını isə açıqlamayıb.
Santuş federasiya ilə 4 illik müqavilə imzalayıb.
Ancaq o deyib ki, komanda DÇ-2026-nın seçmə mərhələsində də qrup sonuncusu olarsa, Azərbaycandakı işini daha davam etdirməyəcək, müqaviləni qarşılıqlı razılıq əsasında pozacaq.
SPORTİNFO.AZ