
Slovakiyada təşkil ediləcək beynəlxalq turnirdən sonra Azərbaycan minifutbol yığmasının Bakıda keçiriləcək dünya çempionatına hazırlıq səviyyəsi bəlli olacaq.
Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında yığmanın baş məşqçisi Elşad Quliyev deyib.
Mütəxəssis hər şeyin plan üzrə getdiyini deyib:
“Bu, ikinci toplanışımız idi və yaxşı keçdi. Bizim üçün önəmli oyunlar idi.
Bu gün Slovakiyaya yollanacağıq. Orada da turnir keçiriləcək və bizi bir neçə matç gözləyir.
Dünya çempionatına nə dərəcədə hazır olduğumuz bu oyunlardan sonra bilinəcək. Digər çatışmazlıqları da Bakıda aradan qaldırmağa çalışacağıq.
Əsas odur ki, planlaşdırdıqlarımızı meydanda həyata keçirə bilək. Hələlik hər şey qaydasındadır”.
O, Slovakiyadakı turnirdə bütün futbolçulara şans vermək niyyətində olduğunu vurğulayıb.
“Slovakiyada da beynəlxalq turnir olacaq. Azərbaycanla yanaşı, Ukrayna, Slovakiya, Polşa, Belçika və Macarıstan iştirak edəcək.
Bu komandaların hər biri dünya çempionatında mübarizə aparacaq. Güclü turnir olacaq.
Məqsədimiz təkcə çempion olmaq deyil. Bura 22 futbolçu ilə gəlmişik. Hər birinə şans verməyə çalışırıq.
Məqsədimiz onların böyük oyunlarda bizə nə dərəcədə kömək edə biləcəyini görməkdir. İstənilən halda, rəqiblərə uduzmaq fikrimiz yoxdur”.
Azərbaycan millisi Monteneqronun Herseq Novi şəhərində təşkil olunan beynəlxalq turnirin qalibi olub. Komanda Bosniya və Herseqovina (7:2), Türkiyə (1:0), Monteneqro (3:2) və Qazaxıstan (5:0) yığmalarını məğlub edib.
Elşad Quliyevin rəhbərlik etdiyi komanda dünya çempionatının A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.
32 yığmanın iştirak edəcəyi mundial mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında təşkil olunacaq.