
Millinin qarşıdakı iki yoxlama görüşü Fernandu Santuş üçün çox önəmlidir.
Komandamız iyunun 7-də səfərdə Latviya, 3 gün sonra Bakıda Macarıstan ilə yoldaşlıq matçılarında qüvvəsini sınayacaq.
Əgər yığmamız bu oyunlarda da uğursuz nəticə əldə edərsə… Portuqaliyalı əşyalarını toplamalı olacaq.
Hər halda AFFA rəhbərliyi ilə adıçəkilən baş məşqçi arasında keçirilən son görüşdə bununla bağlı geniş danışılıb, ona xəbərdarlıq edilib.
Federasiya mənsubları millinin durumundan, qeydə alınan nəticələrdən çox narazı və narahatdır.
Sentyabrda dünya çempionatı-2026-nın seçmə mərhələsi start götürəcək və AFFA komandanın burada yaxşı çıxış etməsini istəyir. Lakin Santuşun yönətimində keçən 1 il gələcəyə ümidlə boylanmağa əsas vermir.
Yığmamız Millətlər Liqasının C divizionunda qrup sonuncusu olaraq D divizionuna yuvarlanıb. Həmçinin Haiti və Belarusla doğmau publika önündə keçirilən yoxlama matçılarında da məğlubiyyət qeydə alınıb - 0:3 və 0:2.
Santuşla son görüşdə ona ciddi iradlar tutulub. Nəticələrin pis olmasıyla yanaşı, komandanın bərbad oyun sərgilədiyi diqqətinə çatdırılıb.
Bildirilib ki, milli Latviya və Macarıstanla qarşılaşmalarda azarkeşləri sevindirməsə, 4 illik müqaviləyə birtərəfli qaydada xitam verilməsi müzakirəyə çıxarılacaq.
Bu yerdə AFFA prezidenti Rövşən Nəcəfin aprelin 11-də dilinə gətirdiyi məlum açıqlamanı bir daha xatırlayaq.
O, «uğursuzluqlar davam edərsə, Fernandu Santuşun müqaviləsi ilə bağlı qərar veriləcəkmi» sualına cavabında aşağıdakıları söyləyib:
«Haiti ilə matçda bizdə cəmi 4, Belarusla oyunda 2 milliləşdirilmiş oyunçu var idi. Əvvəllər bu say 7 idi.
Rəqabətli cavan komanda qurmaq çətin prosesdir. Amma edilməlidir. Santuşla müzakirəmiz oldu. Qısa müddətdə daha ürəkaçab nəticələrin olması haqda müzakirələr apardıq.
İyunda yoldaşlıq oyunlarımız var. Biz yalnız nəticələrə yox, onun yeniliklərə yanaşmasına diqqət verməliyik.
Təklif edirəm ki, iyunda yoldaşlıq oyunlarından əvvəl medianın səhərdən axşama qədər komandanı necə hazırladığını görmək üçün iştirakı olsun.
Məşqçini yalnız oyunun nətiəsinə görə qiymətləndiririk. Amma onun oyuna, məşqə yanaşmasını görsünlər.
Mediadan dəstək istəyirik, təkliflərlə çıxış etsinlər. Santuş ilk dəfə millinin heyətini canlı olaraq elan etməyə başladı».
SPORTİNFO.AZ