
Azərbaycanın 17 yaşadək oğlan futbolçulardan ibarət millisinin baş məşqçisi Aqil Nəbiyev Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində Gürcüstan üzərində qazanılan qələbəni dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, mütəxəssis bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib.
O, rəqibin keyfiyyətli komanda olduğunu vurğulayıb:
“İlk oyunla bugünkü görüş arasında bir gün vaxtımız var idi. Həm özümüzün, həm də rəqibin çıxışını təhlil etmişdik.
Son məşqi bunun üzərində qurduq, uşaqlara lazımi məlumatları verdik. Gürcüstan yığması keyfiyyətli komandadır, oyunçuları iki ilə yaxındır bir yerdədirlər.
Biz isə yeni formalaşan kollektivik. Moldova ilə ilk görüşdə bəxtimiz gətirməmişdi.
Topa sahib olan, daha çox qol vəziyyəti yaradan tərəf biz idik. Bu gün isə futbolçuların özlərinə inamları, xarakter göstərmələri qələbə ilə nəticələndi.
Zamanla hər şey daha yaxşı olacaq. Müəyyən vaxt lazımdır.
İnanıram ki, bu futbolçular növbəti illərdə yuxarı yaş qrupu üzrə millilərimizdə çıxış edəcəklər”.
Baş məşqçi Estoniya yığması ilə keçiriləcək son görüşdə də uğurlu nəticə əldə edəcəklərinə inandığını söyləyib:
“Estoniya ilə oyuna qədər iki gün vaxtımız var. Həm rəqibi, həm öz oyunumuzu təhlil edəcək, səhvlərimizi aradan qaldırmağa çalışacağıq.
Əsas odur ki, uşaqlarda özünəinam, xarakter var. Fikrimcə, daha yaxşı ola bilərik. Məqsədimiz Estoniya üzərində də qələbə qazanmaqdır”.
Azərbaycanın U-17 millisi turnir çərçivəsində son oyununu aprelin 19-da Estoniya yığmasına qarşı keçirəcək.