
Ukrayna millisinin futbolçusu Taras Stepanenko komandasının hazırkı durumunu dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi UEFA Millətlər Liqasının pley-off mərhələsində Belçika ilə cavab oyununda 0:3 hesablı məğlubiyyətə də münasibət bildirib.
O, ilk görüşdəki 3:1 hesablı qalibiyyətdən sonra komandada arxayınlıq yarandığını etiraf edib. Stepanenko DÇ-2026-nın seçmə mərhələsində bu yanaşmadan əl çəkməli olduqlarını söyləyib:
“Belçika ilə cavab oyunu göstərdi ki, bizdə hər zaman eyforiyaya qapılma olur. Buna görə də istənilən rəqibə qarşı ikinci matçdan həmişə ehtiyat etmişəm.
Ukrayna çempionatının səviyyəsinin artmaması da millinin nəticələrinə təsirsiz ötüşmür. Qarşıda bizi daha mötəbər yarışda ciddi sınaqlar gözləyir.
Nə Fransa, nə İslandiya, nə də Azərbaycandan çəkinmirik. Ancaq hər üç rəqibə də hörmətlə yanaşırıq.
Güclü Fransaya necə yanaşırıqsa, digərlərinə də eyni gözlə baxmalıyıq. Əks təqdirdə, yenə problem yaşaya bilərik”.
Millimizin yer aldığı D qrupunda mübarizəyə sentyabrda start veriləcək. Komandamız Ukrayna ilə sentyabrın 9-da evdə, oktyabrın 13-də isə səfərdə qarşılaşacaq.