Rəşad Sadıqovu milli komandada gözləyən "TƏLƏ"

11 Aprel 19:40 Milli komanda 1 162
Rəşad Sadıqovu milli komandada gözləyən "TƏLƏ"

Fernandu Santuşun Azərbaycan millisində işi AFFA rəhbərliyini məmnun etmir.

Ardıcıl məğlubiyyətlər gələcəyə ümidlə baxmağa imkan vermir.

Təbii ki, belədə portuqaliyalı mütəxəssisin ölkəmizdəki ömrü uzun sürə bilməz.

Müqaviləsinə vaxtından erkən xitam veriləcəyi gün kimi ortadadır.

Artıq yeni namizədlərin adını eşitməkdəyik.

Yayılan iddialara görə, Santuşla yollar ayrılsa, millinin qapıları yerli mütəxəssislərin üzünə açılacaq.

Ən real namizəd isə Rəşad Sadıqovdur.

Düzdü, illərdi ölkənin bir nömrəli komandasına əcnəbilərin təyinatını tənqid edirik.

Nəticələr də göstərir ki, bir ətək pulu onların yolunda səpməyə dəyməz. Daha münasib qiymətə yerli məşqçilər ən pis halda gəlmələrlə eyni nəticəni göstərə bilər.

Bu yanaşmamızı nəzərə alsaq, ilk baxışdan yığmanın Sadıqova tapşırılacağı ilə bağlı xəbər qulağa xoş gəlir.

Amma azacıq pauza götürüb, vəziyyəti daha dərindən analiz etmiş olanda başqa reallıqlar ortaya çıxır.

Əgər gedişat deyilən cür olarsa, Sadıqovu çox ağır sınaq gözlədiyini deməliyik.

Adını onun timsalında yerli məşqçilərə qurulan tələ də qoya bilərik...

Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında legioner limiti ləğv edilib. Qərardan ən böyük ziyanı milli komanda görəcək. Daha kiminsə yerli uşaqları oynatmaq kimi məcburiyyəti yoxdur. Belədə milli üzvlərinin də bir çoxu oyun təcrübəsindən ciddi sıxıntı yaşayacaq.

Bu şərtlər altında isə pis olan nəticələr daha da acınacaqlı vəziyyət ala bilər.

Ondan sonra isə "Bu da yerli məşqçi" fikri asimana bülənd olacaq.

Sadıqovun reputasiyası ciddi zərər görəcək, ən azı bir neçə il gəlmələrin üzünə yığmanın qapıları yenidən açılacaq.

Onun illərdi "Zirə"də dişi-dırnağı ilə qurub-yaratdığı "Zirə"nin də planları yarıda qalmış olacaq.

Bir sözlə, Santuşun gedişindən sonra yerli məşqçinin baş məşqçi postuna gətirilməsi hamını sevindirə bilər, amma arxasında əvvəlki illərdən daha ağır yük dayandığını da unutmaq olmaz.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"