
Haiti millisinin yarımmüdafiəçisi Teo Mişel Azərbaycan millisinə qarşı keçirilən yoldaşlıq görüşünü dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, ilk dəfə yığmaya çağırılan 20 yaşlı hücumameyilli oyunçu debüt anını unutmadığını deyib:
“Azərbaycanla oyun Haiti millisinin Avropa torpağında ilk qələbəsi idi. Son 11 matçda 10 qələbə qazanıb 1 heç-heçə etmişik.
Məğlubiyyətsizlik seriyası ilə rekordu qırdıq. Azərbaycanla görüş həm də millinin 100 illiyini qeyd etmək üçün əla imkan idi. Bu rekorda sahib yeganə komanda bizik”.
Fransanın “Şatoru” klubunda çıxış edən futbolçu millimizlə oyundan sonra anasının sevincdən ağladığını vurğulayıb:
“Milliyə çağırıldığımı valideynlərim məndən əvvəl öyrənmişdilər. Onlar Parisdə yaşayırlar və hər ikisi haitilidir.
Azərbaycanla oyunun sonlarında meydana daxil oldum. Bu, mənim üçün əla başlanğıcdır.
Qarşılaşmadan sonra valideynlərimə zəng etdim, anam sevincdən göz yaşlarını saxlaya bilmədi”.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən Azərbaycan – Haiti oyunu qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.