
Ukrayna millisinin sabiq futbolçusu Vladimir Şaran komandalarının DÇ-2026-nın seçmə mərhələsindəki şanslarını dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssis D qrupunda ikinci yerə iddia edəcəklərini düşünür.
O, Ukrayna yığmasının Azərbaycan və İslandiya millilərindən güclü olduğunu bildirib:
“Əlbəttə, Fransa böyük komandadır, bunu nəzərə almaq lazımdır. Onların Xorvatiya ilə oyununa baxdım.
Deyə bilərəm ki, fransızlar daha güclü idilər. Bu səbəbdən müəyyən dərəcədə bəxtimiz gətirmədi ki, Fransa qrupumuza düşdü.
Buna baxmayaraq, ikinci yeri tutmaq üçün hər cür şansımız var. Buna heç bir şübhəmiz yoxdur.
Əgər ikinci yer uğrunda mübarizədə Azərbaycanı və İslandiyanı qabaqlaya bilməsək, deməli, Millətlər Liqasının C Liqasında oynamağın vaxtıdır.
Bu komandaları mütləq məğlub etməliyik. Məncə, nəinki bu komandalara, hətta Fransaya qarşı da oynamaq mümkündür.
Amma indi Fransa çox güclüdür. Açıq danışsaq, A Liqasında oynamaq bizim üçün hələ tezdir”.
Qrup mərhələsində mübarizəyə sentyabrın 5-də start veriləcək. Millimizin Ukrayna ilə ilk oyunu sentyabrın 9-da evdə olacaq.