
Azərbaycan millisi Fernandu Santuş dönəmində növbəti məğlubiyyəti Belarus millisindən aldı.
Qonaq komandanın üstünlüyü tək hesabda olmadı.
Sportinfo.az xəbər verir ki, son rəsmi turnirdə - UEFA Millətlər Liqasında komandaların statistik göstəricilərinə görə vurulan qollarda bərabərlik olduğu, qapıya zərbələrdə və qapı çərçivəsinə dəqiq zərbələrdə millimiz üstün olduğu halda, bu matçda hücumun bütün parametrlərində üstünlük Belarus komandasının idi.
Ümumilikdə matçda 14 zərbə endirən millimizin qapısına 90 dəqiqə ərzində 30 zərbə oldu. Qapı çərçivəsinə gedən zərbələrdə rəqibə 2 dəfə uduzduq (3-6). Qeyri-dəqiq (6-13) və bloka alınan (5-11) zərbələrdə fərq bundan da çox idi.
Futbolçularımız 2 dəfə ofsayd “tələ”sinə düşdükləri halda, rəqibə bunu tətbiq edə bilmədilər. Künc bayrağına millimiz 7 dəfə yaxınlaşdığı halda, rəqibə buna 11 dəfə şərait yaratdılar.
Topa sahibolmada tam bərabərlik idi – 50-nin 50-yə.
Belarus futbolçuları ənənəvi olaraq, daha kobud oyun nümayiş etdirdilər. Onlar 16 dəfə qaydaları pozduqları halda, özləri 10 dəfə kobudluqla üzləşdilər.
Nəticədə sərbəst zərbələri də millimiz 16, qarşı tərəf 12 dəfə yerinə yetirdi. Hakim hər komandaya 1 sarı vərəqə göstərdi.
Qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb (idman.biz).