
"Köhnə qvardiya”nın üzvü Vaqif Sadıqov milli komandamızın Haiti və Belarusa məğlubiyyətindən sonra yeni açıqlama verib.
Dəyərli Vaqif bəy deyib ki, inanımımızı itirməməliyik, əks halda heç nə əldə edə bilmərik.
Bu cümləni oxuduqdan sonra bir anlıq duruxdum, özüm-özümə sual verdim ki, indiyə qədər bəlkə nəsə əldə etmişik, mənim xəbərim yoxdur?
Məğlubiyyətləri sıralayırıq, illəri və milyonları boşa veririk. Amma cənab Sadıqov deyir ki, nəyimizi itirsək də, gərək inamımızı itirməyək. Olsun, təki Vaqif bəyin kefinə soğan doğramayaq.
El arasında belə bir deyim var. Bəzən kiməsə qəzəbli olanda onun zərərin yarısından dönməsini yox, axıra qədər həmin yolda əziyyət çəkməsini arzulayırlar. Xüsusən də cavanlar böyüklərin sözünə qulaq asmayanda böyüklər deyirlər ki, filankəsin canı çıxsın, öz cəzasıdır, qoy çəksin. Mən Vaqif Sadıqovun Fernandu Santuş haqqında dediklərindən bu nəticəyə gəldim ki, o da portuqaliyalı mütəxəssisin əlindən yanıqlıdır. Ona görə də arzulayır ki, Santuş Azərbaycanda çalışmağa davam etsin, el-aləmə rəzil olsun. Sitat: "Yeni komandanın formalaşdırıldığı bir məqamda Santuş ayrılmamalıdır. Hazırda onu yola salmaq, və bu yükün altına hər hansı yerli mütəxəssisin girməsi düzgün olmazdı. İlk gündən ona etimad göstərilib və bu yolda sona qədər davam etməlidir”. Sadıqov bircə onu deməyib ki, onsuz da bu komanda uğur qazana bilməz, qoy elə Santuş biabır olsun, Azərbaycandan dabanına tüpürüb qaçacaq dərəcədə peşmançılıq hissi keçirsin.
Futboldan birbalaca baş çıxarmaq kifayətdir ki, Santuşun Azərbaycana millisinə heç nə verə bilməyəcəyini anlayasan. Lovğalıq olmasın, mən bunu ilk gündən demişəm, yazmışam və fikirlərimi isbat etmişəm. Yox, iddia etmirəm ki, mən böyük futbol bilicisiyəm. Sadəcə, yetər ki, baş verənlərə soyuq başla, vicdanla yanaşan və Azərbaycan futboluna ürək yandırasan. Çox təəssüf edirəm ki, AFFA-nın başında əyləşənlər, səlahiyyət sahibi olanlar və onların ətrafında fırlananlar bu hisslərdən uzaqdılar. Uzaq olmasaydılar, Canni De Byazidən canımızı qurtarandan az sonra onun portuqaliyalı oxşarını gətirib millimizin başında otuzdurmazdılar.
Belarusla oyundan sonra meydanın ortasında bir qrup qırmızı formalı cavan çöküb qalmışdı. Həmin cavanlar Azərbaycan millisinin futbolçuları idi. Onlar çarəsiz və miskin görünürdülər. Başa düşürdülər ki, sosial şəbəkələrdə, mətbuatda tənqid olunacaqlar, onları ələ salacaqlar. Sözsüz ki, heç kim bu vəziyyətə düşməyi arzulamaz. Amma onların bacardığı budur. Rəhmətlik Fuad Musayevin yaratdığı "Şəfa”da yetişən futbolçular yavaş-yavaş yaşlandılar, sıradan çıxdılar. "Qarabağ”la "Qəbələ”nin bir vaxtlar yetişdirdikləri də itib-batdı, milyonçuya çevriləndən sonra heç kim topun dalıyca çox qaçıb tər axıtmaq istəmədi. Ortada acınacaqlı mənzərə yarandı. Futbolçular qazonun üzərinə elə çökmüşdülər ki, onları ayağa qaldırmağa, ürək-dirək verməyə Santuş da aciz idi.
Heç şübhə etmirəm ki, Santuş özü də vəziyyətin acınacaqlı olduğunun fərqindədir. Sadəcə, ahıl vaxtında qazandığı milyonlar ona şirin gəlir. Mətbuat konfransında dedikləri isə pafosdan, yalandan başqa heç nə deyil. Santuşun Avropa çempionu olması da heç nəyi dəyişmir. Ondan əvvəl Azərbaycan futbolunun başına oyun açan Berti Foqts da Avropa çempionu idi. O da Santuş kimi öz ölkəsinin komandasını Avropanın ən güclüsü etmişdi. Bəli, öz ölkəsinin komandasını. Biz isə onların ölkəsi deyilik, Azərbaycanıq. Bura onları gətirən bizim neft milyonlarımızdır, futbolumuzun perespektivinə bəslədikləri inam yox. Bizim futbolçularımız da bu işi yaxşı bacarırlar. Futbol oynamağı yox, bir vaxtlar Avropa çempionu olmuş məşqçilərin pul hərisi olduqlarını hamıya göstərməyi. Davamı gəlsin (qaynarinfo)...
Amal Abuşov