Qurban Qurbanov olan yerdə onlar kimdir ki?

29 Mart 15:40 Milli komanda 865
Qurban Qurbanov olan yerdə onlar kimdir ki?

Fernandu Santuş milli komandamızın ən uğursuz baş məşqçisi olmaq yolunda inamla irəliləyir.

Portuqaliyalı ötən il iyunun 12-də təyinat aldığı yığmamızda keçirdiyi 8 matçda qələbə üzü görməyib.

Bu müddətdə yalnız 1 heç-heçəyə sevinən mütəxəssis qalan matçları məğlub başa vurub.

Yığma komandamızı Millətlər Liqasında ən zəiflərin çıxış etdiyi liqaya endirən Santuş, evdə keçirilən son 2 yoxlama matçını da məğlub başa vurmaqla fiasko yaşadı. Yayda növbəti sınaq matçları keçiriləcək, ardınca DÇ-2026-nın seçmə mərhələsi başlayacaq. İndidən əminliklə demək olar ki, bizi növbəti rüsvayçılıqlar gözləyir.

Nəticə bir yana, komanda oyununu da itirib. Haiti (0:3) və Belarusla (0:2) matçlarda yığmamız nə istədiyini bilməyən, təsadüfən bir araya gələn kollektivə bənzəyirdi. Bir-iki futbolçu zəif görünsəydi, bunu onların fərdi hazırlıqsızı saymaq olardı, lakin hamı bərbad vəziyyətdədirsə, deməli, məşqçi işinin öhdəsindən gəlmir.

Adətən yeni təyinat alan məşqçi ən azı ilk oyunlarda özünü yaxşı tərəfdən göstərir. Santuşun statistikası isə biabırçıdır. Onun 8 matçda o qədər də güclü olmayan rəqiblərdən heç birini üstələyə bilməməsi seçmə mərhələ öncəsi həyəcanı artırır.

Bəs, milli komandamızın əvvəlki məşqçilərinin ilk 8 matçındakı göstəriciləri necə olub? Çalışdığı vaxt yığmanı ən azı bu sayda oyuna çıxaranların ilk 8 görüşdəki statistikasına nəzər salmaq pis olmaz.

Qurban Qurbanov: 2 qələbə, 4 heç-heçə, 2 məğlubiyyət

Kazbek Tuayev: 2 qələbə, 3 heç-heçə, 3 məğlubiyyət

Karlos Alberto Torres: 2 qələbə, 3 heç-heçə, 3 məğlubiyyət

Robert Prosineçki: 2 qələbə, 3 heç-heçə, 3 məğlubiyyət

Berti Foqts: 2 qələbə, 2 heç-heçə, 4 məğlubiyyət

Vaqif Sadıqov (2-ci dönəm): 1 qələbə, 4 heç-heçə, 3 məğlubiyyət

Canni de Byazi: 1 qələbə, 4 heç-heçə, 3 məğlubiyyət

Əsgər Abdullayev (2-ci dönəm): 1 qələbə, 2 heç-heçə, 5 məğlubiyyət

Nikola Yurçeviç: 1 qələbə, 2 heç-heçə, 5 məğlubiyyət

Əhməd Ələsgərov (2-ci dönəm): 1 qələbə, 1 heç-heçə, 6 məğlubiyyət

Vaqif Sadıqov: 1 qələbə, 1 heç-heçə, 6 məğlubiyyət

İqor Ponomaryov: 1 qələbə, 1 heç-heçə, 6 məğlubiyyət

Şahin Diniyev: 0 qələbə, 4 heç-heçə, 4 məğlubiyyət

Fernandu Santuş: 0 qələbə, 1 heç-heçə, 7 məğlubiyyət

Ağasəlim Mircavadov: 0 qələbə, 0 heç-heçə, 8 məğlubiyyət

image 870x 673def3576d55 1732119460 full - Futbolinfo.az

Göründüyü kimi, milliyə cəmi 1 il rəhbərlik edən Qurban Qurbanov hamıdan öndədir. Yəqin ki, onun tələ qurularaq erkən istefaya göndərilməsinin də səbəbi bu idi – əcnəbi olmayan, uğurlu çıxışla legioner məşqçilərin bacarıqsızlığını ifşa edən birisi AFFA-ya lazım olmadı. Elə bu ədalətsizliyin nəticəsidir ki, ondan sonra təyinat alanların hamısı rüsvayçılıq yaşayır.

Siyahıya düşən 14 məşqçidən (Vaqif Sadıqov 2 dəfə) yalnız üçü ilk 8 matçında qələbə görməyib. Onlardan Şahin Dininyev qarşılaşmaların tən yarısında heç-heçəyə nail olub. Yalnız Ağasəlim Mircavadov bütün qarşılaşmalarda məğlub olub ki, hətta onun da bəraəti var. Təcrübəli çalışdırıcının fəaliyyət göstərdiyi 1994-95-ci illərdə millimiz böyük turnirlərdə debüt edirdi, üstəlik, məlum qadağa üzündən matçların heç biri evdə reallaşmamışdı. Santuş isə oyunların yarıdan çoxunu Azərbaycanda keçirib. İki məşqçi üçün yaradılan şərait arasındakı fərq də göz önündədir – Mircavadov Santuşun bir aya qazandığını bəlkə də yığma karyerası boyunca görməyib.

Bu statistika Fernandunun təyinatının necə bərbad seçim olduğunu göstərir. 70 yaşlı təqaüdçü karyerasının qürub çağında həyatını təmin edəcək milyonları qazanmağın dərdindədir. Sona kimi işləsə də, işləməsə də Azərbaycanı milyonçu kimi tərk edəcək.

P.S.: Statistikada bəzi məşqçilərin ilk dönəmləri, hətta 3-cü dəfə təyinat alanlar, həmçinin müvəqqəti əvəzedicilər nəzərə alınmayıb. Çünki onlar 8 oyun həddinə çatmayıb (futbolinfo.az).

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 11:30 DƏVƏT - Buradasız?