
"Milli, əlbbəttə ki, hər kəsin xəyalıdır.
Mənim üçün də toplanış həqiqətən yaxşı keçdi.
Milli komanda böyük bir təcrübə oldu. Özümdən təcrübəli futbolçularla birlikdə məşq etmək, söhbətləşmək, danışmaq əla idi".
Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin gənc üzvü Şahin Şahniyarov Belarusa qarşı keçirilən yoldaşlıq oyunu (0:2) haqda "CBC Sport"a açıqlamasında deyib.
Yığmaya ilk dəfə dəvət alan 20 yaşlı yarımmüdafiəçi baş məşqçi Fernandu Santuşun Belarusla matçda ona start heyətdə yer verməsindən də danışıb:
"Milliyə 1-ci liqadan dəvət aldığım üçün oyun şansı gözləyirdim. Amma açığı, əsas heyətdə yer almağı gözləmirdim. Baş məşqçiyə təşəkkürümü bildirirəm".
Ş.Şahniyarov Belarusa məğlubiyyətin səbəbini belə açıqlayıb:
"Əslində qol epizodları yaratdıq. Lakin son nöqtədə bəzi çatışmazlıqlar oldu.
Elə mənim özümdə də. İnşallah, gələcək oyunlarda şansları dəyərləndirmək istəyirik".
Şahin sonda gələcək üçün hədəflərindən söz açıb: "Futbolçu kimi Avropada çıxış etmək, daha da böyümək istəyirəm".
Azərbaycan millisi Belarusdan əvvəl Haiti ilə üz-üzə gəlib (22 mart) və rəqibinə 0:3 hesabı ilə uduzub.