
Belarus yığmasının yarımmüdafiəçisi Nikita Demçenko Azərbaycan millisinə qarşı keçirilən yoldaşlıq görüşünü dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, 22 yaşlı futbolçu bu matçı heç vaxt unutmayacağını bildirib.
Çünki 77-ci dəqiqədə meydana daxil olan Demçenko cəmi bir dəqiqə sonra qarşılaşmada son nöqtəni qoyaraq, millidə ilk qoluna imza atıb.
O, həmin anı belə xatırlayıb:
“Zərbə zamanı nə baş verdiyini anlamadım. Bir də baxdım ki, top tora daxil olub.
Topa ilk toxunuşumda qol oldu. Həyatımın ən vacib anlarından biridir.
Millidə qol hesabını bu cür açmağı xəyal edirdim. Yığmanın heyətində ilk qolum olduğu üçün bunu heç vaxt unutmayacağam”.
Belaruslu futbolçu həm Tacikistan, həm də Azərbaycanla oyunlara ciddi yanaşdıqları üçün qələbə qazandıqlarını düşünür:
“Baş məşqçimiz həmişə bizə deyir ki, yoldaşlıq və ya rəsmi oyun olmasının bizim üçün fərqi olmamalıdır.
Öz adımız, ölkəmiz üçün mübarizə aparırıq. Bu üzdən bütün gücümüzlə mübarizə aparırıq ki, qalib gələk”.
Belarus yığması Tacikistanı 5:0, Azərbaycanı isə 2:0 hesabı ilə məğlub edib.