Bakıya gələ bilmədi, uzaqdan proqnoz verdi: “Minimalhesablı qələbə olacaq”

25 Mart 21:15 Milli komanda 284
Bakıya gələ bilmədi, uzaqdan proqnoz verdi: “Minimalhesablı qələbə olacaq”

“Təəssüf ki, oyuna baxmaq üçün Bakıya gedə bilməyəcəyəm”.

Bu sözləri “Kəpəz”in Belarusdan olan futbolçusu Yeqor Xvalko Sportinfo.az-a açıqlamasında deyib.

Bu gün “Bank Respublika Arena”da Azərbaycan və Belarus milliləri arasında yoldaşlıq görüşü baş tutacaq.

Düşünmək olardı ki, Yeqor bir günlük də olsa icazə alıb Gəncədən Bakıya gələcək və ölkəsinin yığmasını stadionda dəstəkləyəcək. Üstəlik, matçdan sonra həmyerliləri ilə görüşmək imkanı olacaq.

Xvalkonu dinləyək:

“Qarşıda bizi “Səbail”lə vacib oyun gözləyir. Həm də həlledici mərhələyə qədəm qoyuruq deyə, bütün diqqətimizi məşqlərə ayırmışıq. Bu dəqiqə yalnız və yalnız dördüncü dövrəni düşünürəm.

Bir gün istirahətimiz olacaq, o da martın 26-da. Oyun bir gün sonra olsaydı, bəlkə də Bakıya gedib-qayıtmaq olardı. İstənilən halda komandalara uğurlar arzu edirəm”.

Mərkəz müdafiəçi görüşlə bağlı fikirlərini dilə gətirərək proqnoz verib:

“Hər iki komanda aşağı-yuxarı bir-birinə yaxın səviyyədədir. Azərbaycanın üstünlüyü odur ki, çempionatın ən qaynar vaxtıdır, futbolçular formadadır, ölkə xaricindən gələnlərin vəziyyəti yaxşıdır. Belarusda çempionat yeni başlayıb, ən çox şans qazananlar 4-5 oyunda meydana çıxıb.

Buna baxmayaraq, bir neçə gün əvvəl millimiz Tacikistanı 5:0 hesabı ilə məğlub edib. Psixoloji durum qaydasındadır. Ancaq bir şey də var ki, Tacikistanla qarşılaşma ilə müqayisədə heyətdə müəyyən dəyişikliklər olacaq.

Hansısa komandanın böyük fərqlə qələbə qazanacağını düşünmürəm. Bərabərsəviyyəli oyun olacaq, hansısa biri minimal hesabla qalib gələcək”.

Bu axşam “Bank Respublika Arena”da keçiriləcək oyunun start fiti saat 21:45-də çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti