
"Ayxan Abbasovun qarşısına heç bir şərt qoyulmayıb".
Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında AFFA İcrayyə Komitəsinin üzvü Səməd Qurbanov Azərbaycanın aşağı yaş qruplarından ibarət millilərinə baş məşqçi təyinatları ilə bağlı danışarkən deyib.
Qurum rəsmisi Ayxan Abbasovun U-21 yığmasına təyinatını müsbət qiymətləndirib:
“Bunlar hamısı futbolun gələcəyi və inkişafı üçündür. Millilərin baş məşqçiləri ilə ilin sonuna qədər müqavilə imzalamışıq.
U-21-ə Ayxan Abbasovdan başqa namizədlər də var idi. Çalışqan və futbolun gələcəyini düşünən məşqçidir. Fikrimcə, yaxşı təyinatdır”.
S.Qurbanov həm klubda, həm də yığmada çalışmağın məşqçi üçün çətinlik yaratmayacağını düşünür:
“Düşünürəm ki, həm klubda həm də yığmada çalışması Ayxana çətinlik yaratmayacaq. Vaxtilə “Qarabağ”a daha çox köklənməsi üçün Qurban Qurbanovla yolları ayırmışdıq.
Ayxanın həm klubda, həm də yığmada işini bacaracağına inanıram. Onun qarşısına heç bir şərt qoyulmayıb. Ona uğurlar arzulayıram və yaxşı nəticələr gözləyirəm”.
AFFA İcraiyyə Komitəsinin son iclasında aşağı yaş qruplarından ibarət millilərə təyinatlar rəsmiləşib. "Şamaxı”nı çalışdıran Ayxan Abbasov U-21 millisinə baş məşqçi təyin olunub.
U-19 Elxan Abdullayevə, U-18 İlham Yadullayevə, U-17 isə Aqil Nəbiyevə həvalə edilib.