
Ayxan Abbasovun Azərbaycan U-21 millisində debütü uğurlu alınıb.
Gənclər millimiz yoxlama matçında Moldovadan olan həmyaşıdlarını məğlub edib - 2:0.
Sportinfo.az-a açıqlama verən təcrübəli mütəxəssis ilk öncə ilk oyun haqqında təəssüratlarını bizimlə bölüşüb:
"İlk oyunumuz idi. Qələbə ilə başlamaq bizi sevindirir.
Çünki futbolçularda inamsızlıq yarananda psixoloji olaraq çətin olur. Burada olduğum birinci gündən futbolçulardan inamlı, istəkli olmağı və bütün rəqiblərə qarşı mübarizə aparmağı tələb edirik.
İntensiv məşqlərimiz keçir. Bəzi futbolçulara çətin oldu.
Bəlkə də bu tempdə məşq etmək, oyunlara hazırlaşmaq onlara çətindir. Amma biz buna alışmalıyıq.
Qarşıdan çox ağır oyunlar gəlir. Həmin rəqiblərə qarşı oynamaq çətin olacaq.
Rəqiblərdən çəkinmədən mübarizə aparmaq hər zaman vacibdir".
Abbasov iki fərqli hissə izləməyəmizi futbolçuların fiziki durumu ilə bağlayıb:
"Xüsusilə birinci hissədən razı qaldım. Çünki uşaqlar daha gümrah idi.
İstədiyimiz hücumları gördük. Müdafiədə yaxşı çıxış etdik.
Demək olar ki, rəqibə epizod vermədik. İkinci yarıda rəqib üzərimizə çox gəldi.
Bunda Moldova millisində edilən əvəzetmələr, bizim komandada hiss olunan yorğunluq sözünü deyirdi. İkinci yarı nəyə sevindim?
Komanda xarakter göstərdi. Bu, çox vacibdir.
Hətta komanda yorulanda belə, bu cür təzyiqə tab gətirməli, dözməlidir".
XANOĞLAN