
AFFA rəhbərliyinin 21 yaşlılardan ibarət yığma komandanı Ayxan Abbasova tapşırması futbol ictimaiyyəti tərəfindən də xoş qarşılandı.
Təbii ki, aşağı-yuxarı hər kəsə bəlli olan futbolçu arsenalı ilə yaxın vadədə ciddi uğur qazanmaq möcüzəyə bərabərdir.
Heç kimsə də gənclər yığmasından Avropa və ya Dünya çempionatlarına vəsiqə qazanmağı gözləmir.
Amma ən azından rəqiblərə qarşı layiqli mübarizə aparmaq, bəzən sürpriz nəticələrə imza atmaq olar.
Bu baxımdan Abbasova inam böyükdür.
Ona olan güvən isə səbəbsiz deyil. İşlədiyi klublarda kasad heyət, məhdud büdcə ilə qısa müddətdə yaxşı kollektivlər formalaşdıra bilib.
Bir çox hallarda əksəriyyəti yerli futbolçulardan təşkil olunan komandalarla iddialı rəqiblərə başağrısı olmağı bacarıb.
Ən çətin vəziyyətlərdə də onun çalışdığı komandalar meydanda xarakter göstərməsi ilə yadda qalıb.
Xüsusilə azərbaycanlı gənclərin dilini yaxşı bilir. Potensiallarını açmaqda ustadır.
İnanaq ki, eynisini gənclər millimizdə də görəcəyik.
İlk addımı bu gün Moldova U-21 komandası ilə baş tutacaq yoxlama görüşündə atılacaq.
Ümid edək ki, çox çətin bir yolda şərəfli missiyanın öhdəsindən təcrübəli mütəxəssis gələcək.
XANOĞLAN İMANOV