
Azərbaycan millisi bu axşam 2025-ci ildə ilk oyuna çıxacaq.
Rəqib indiyə qədər böyük turnirlərdə iştirak imkanı qazanmayan, FİFA-nın dünya sıralamasında 86-cı pillədə qərarlaşan Haiti seçməsidir.
Ada təmsilçisinin futbol ölkəsi kimi tanınmaması azərbaycanlı futbolsevərlərin böyük əksəriyyətində AFFA-nın yanlış seçim etməsi kimi dəyərləndirilməkdədir.
Sanki Azərbaycan yığması böyük uğurlara imza atıb deyə, yoldaşlıq görüşündə rəqib qismində ad-sanlı komanda seçilməliydi, Haiti yox.
Rəqibin heyətindəki futbolçuların çıxış etdiyi klubların adlarına baxanda, 90 dəqiqə ərzində bizimkilərin nə çəkəcəyini indidən təxmin etmək çətin deyil.
Komandanın ən nüfuzlu futbolçusu təbii ki, Fafa Pikodur. 33 yaşlı futbolçunun bu ilin əvvəlindən Mayami “İnter”ində Lionel Messi ilə çiyin-çiyinə çıxış etməsi millidəki nüfuzunu bir xeyli artırıb.
Yığmanın ən məhsuldar futbolçusu Dukens Nazondur. Bu ad-soyad Türkiyə futbolu ilə yaxından maraqlananlara yaxşı tanışdır.
2024-cü ilin yayından “Kayserispor”un şərəfini qoruyan hücumçu komandasının aparıcı simalarından hesab olunur.
Haiti yığmasının əsas üzvlərindən sayılan Karlens Arkus Fransada zəngin karyeraya sahibdir. 28 yaşlı cinah müdafiəçisi vaxtilə “Troya”, “Lill”, “Oser” kimi komandalarda çıxış edəndən sonra ötən mövsüm Liqa-1-ə vəsiqə qazanan “Anje” ilə müqavilə bağlayıb.
Fransua Duliss bilirsiniz kimdir? Azərbaycan yığmasının müdafiəçisi Zamiq Əliyevin Albaniyadakı komanda yoldaşı.
Ötən ildən “Eqnatia”nın şərəfini qoruyan Duliss həmyerlimizlə çiyin-çiyinə oynayır. Martın 11-də “Laçi” ilə səfər görüşündə hər ikisi start heyətində yer alıb və 90 dəqiqə meydanda olublar.
Haiti millisinin əksər futbolçuları Fransada legioner həyatı yaşasa da, Portuqaliya, İtaliya, Belçika, Avstriya, Yunanıstan kimi ölkələrdə top qovanların sayı kifayət qədərdir.
Qısası, rəqib heç də sıradan komanda deyil. 2025-in “siftə”sini burnumuzdan gətirməsələr yaxşıdır.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq yoldaşlıq görüşü saat 21:45-də start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ