
“Ayxan Abbasovun U-21 millisinə baş məşqçi təyin olunması düzgün seçimdir”.
Sportinfo.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Ayxan Abbasovun 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə baş məşqçi təyin olunması ilə bağlı danışarkən deyib.
O, 43 yaşlı çalışdırıcının bu vəzifəyə layiq olduğunu bildirib: “Ayxan son illərdə işlədiyi klublarda özünü sübut etməyi bacarıb. Düşünürəm ki, U-21 millisində də uğurlu olacaq. Əlbəttə, çox çətin işin altına girib. İndi ona bu yolda dəstək olmaq lazımdır. Burada məqsəd əsas komandaya futbolçu göndərməkdir. Amma uğurlu nəticələr də qazanmalıyıq. Oyunçularımızı məğlubiyyətə öyrəşdirməməliyik. Bundan əvvəlki baş məşqçi Samir Əliyevin rəhbərliyi altında çıxış etmiş futbolçuların bir çoxu hazırda əsas millimizdə oynayır”.
Sadıqovun fikrincə, Abbasovun həm “Şamaxı”da, həm də Azərbaycan millisində işləməyi ona çətinlik yaratmayacaq: “Dünya futbolunda bəzən iki yerdə işləyən baş məşqçilərin istədiyi nəticələri qazanmadıqlarının şahidi oluruq. Amma inanıram ki, Abbasov bunun öhdəsindən gələ biləcək. Bəlkə “Şamaxı” gələcəkdə U-21-in əsas özəyi oldu. Bunu zaman göstərəcək. Təki, futbolumuz üçün xeyirli olsun”.
Azərbaycan millisinin və “Qarabağ”ın sabiq kapitanı Maksim Medvedev də Ayxan Abbasovun yığmadakı işinin uğurlu alınacağına inanır. Onun sözlərinə görə, mütəxəssis işlədiyi bütün komandaları dirçəldib: “Hər dəfə söhbət düşəndə deyirəm ki, Abbasov hara gedirsə, nəticə verməyi bacarır. Həqiqətən də onun iş prinsipi mənə maraqlı gəlir. İlk dəfə millidə işləyəcək. U-21-ə ən yaxşı futbolçular cəlb olunur. Düşünürəm ki, burada yaxşı kollektiv formalaşdıracaq. Uğurlu olacağına inanıram. Ayxan Abbasov öz təcrübəsi ilə milliyə yenilik gətirəcək”.
35 yaşlı keçmiş müdafiəçi iki yerdə işləməyin A.Abbasov üçün çətin olacağını vurğulayıb: “Yəqin ki, bununla bağlı “Şamaxı” rəhbərliyi ilə söhbəti olub. Həm klubda, həm də millidə ona dəstək olacaqlar. Texniki heyətin də üstünə böyük iş düşəcək. Ayxan Abbasov hədəfləri yüksək olan məşqçidir. Heç bir işdən çəkinmir, hər zaman nəsə fikirləşir”.
AFFA Ayxan Abbasovla 2 illik müqavilə imzalayıb.