
Fernandu Santuş Azərbaycan millisinin Haiti və Belarus yığmaları ilə sınaq matçları üçün 25 futbolçuya dəvət göndərdi.
Siyahıda kifayət qədər sürpriz adlar diqqətdən qaçmaqdı. Portuqaliyalı mütəxəssisin xüsusilə Premyer Liqadan Ağadadaş Slayanski, Xəyal Əliyev və Birinci Liqadan Şahin Şahniyarov kimi gənclərin üzünə millinin qapılarını açması alqışlanmalıdır.
Təbii ki, müzakirələrə yol açan məqam da yox deyil.
Əcnəbi çalışdırıcının uğurlu mövsüm keçirən “Araz Naxçıvan” və “Turan Tovuz”da heç kimi ölkənin bir nömrəli komandasına layiq görməməsi birmənalı qarşılanmadı.
Həqiqətən də ilk baxışdan uğursuz yanaşma olduğu görünür. Necə ola bilər ki, iki uğurlu komandadan 1 namizəd tapılmasın.
Görəsən, ümumiyyətlə adıçəkilən klublarda bu dəvət layiq adlar varmı?
Heyətlərə diqqətlə nəzər salanda Santuşa hardasa ədalətli seçim etdiyi ortaya çıxır.
“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev uzun müddətdir zədədən əziyyət çəkir. Milli forma geyinmiş digər yerli Xəyal Nəcəfov bu gün heç Berdiyev üçün əsas heyət üzvü hesab edilmir. Bəzən ehtiyatdan belə oyuna qoşulmasına gərək duyulmur. Yalnız Faiq Hacıyevlə bağlı tərəddüd etmək olar. Cinah oyunçusunun stabil çıxışı gözdən qaçmır. Bölgə klubunun vacib fiquruna çevrilən arxa xətt oyunçusu arxada qalan müddətdə vurduğu 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Bəlkə də Hacıyevə dəvət göndərmək olardı.
“Araz Naxçıvan”la bağlı da vəziyyət oxşardır. Son illər milli üzvünə çevrilən Bəxtiyar Həsənalizadə çox yaxşı mövsüm keçirir. Amma ilin əvvəli aldığı zədə onun uzun müddət yaşıl meydanlardan kənarda qalmasına səbəb oldu.
Gənc Mustafa Əhmədzadə və təcrübəli Qara Qarayevdən birini yenidən milli düşərgədə görə bilərdik. Amma onların mövqeyində çıxış edən və xüsusilə qış fasiləsindən sonra “Neftçi”də əla performans sərgiləyən Elvin Camalovun olması seçimin fərqli edilməsində əsas səbəb kimi görünür. Elə Coşqun Diniyev, İsamyıl İbrahimli də orta xətt üçün pis namizədlər deyil.
Gördüyünüz kimi, iki klubda üst-üstə vur-tut 2 nəfər dəvət olunmağa yaxın adlar var. Amma mütləq Santuşun çağırmalı olduğu kiminsə olduğunu demək çətindir.
Məsələn, Elvin Camalovun kənarda qalması sürpriz olardı. Təəsssüf ki, nə “Turan”da, nə də “Araz”da belə ad bu gün üçün dəqiq yoxdur.
XANOĞLAN İMANOV