Santuş 20 ilin ilkinə imza atdı – Baş məşqçiyə suallar var

16:40 Milli komanda 322
Santuş 20 ilin ilkinə imza atdı – Baş məşqçiyə suallar var

Azərbaycan millisinin Haiti və Belarusla yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.

Fernandu Santuş azərbaycanlı futbolsevərləri sözün əsl mənasında təəccübləndirməyi bacarıb. Xeyli vaxtdır ölkənin bir nömrəli futbol komandasında bu qədər yeni ad görmürdük.

Şanlı formada bu günə qədər debüt etmək imkanı olmayan Mert Çelik 3 illik fasilədən sonra yenidən yığmanın sıralarında olacaq.

Rəhman Daşdəmirov, Xəyal Əliyev, Ağadadaş Salyanski və Şahin Şahniyarov ilk dəfə Azərbaycanın əsas millisinin məşqlərində iştirak edəcək. Debütantların sınaq matçlarında şans qazanıb-qazanmayacaqlarından asılı olmayaraq, düşərgəyə dəvət olunmağın özü xoş haldır.

Şahinin başına gələn Azərbaycan futbolu tarixində ilkdir. Belə ki, son 20 ildə əcnəbi mütəxəssislərdən heç kim aşağı liqalardan A milliyə futbolçu cəlb etməmişdi. I Liqa təmsilçisi “Qəbələ”nin şərəfini qoruyan 20 yaşlı yarımmüdafiəçi Santuşun sayəsində adını futbol tariximizə yazdırıb.

Millinin heyətində görməyə alışdığımız Emin Mahmudovla Ramil Şeydayevi, eləcə də, Anton Krivotsyuku kənarda saxlayan portuqaliyalı çalışdırıcı ad və nüfuza yox, futbolçunun hazırkı durumuna önəm verdiyini nümayiş etdirib.

Lakin Rüfət Abdullazadə kimi istedadın kənarda qalması sual doğurmaya bilməz. Solaxay vinger “Səbail”in aparıcı üzvlərindən sayılır, qol+ötürmə göstəricisində komandasının lideridir, imkanlı klubların diqqətdə saxladığı futbolçudur. Santuşun diqqətini çəkə bilməməsi olduqca təəccüblüdür.

Yeri gəlmişkən, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Qarabağ”, “Zirə”, “Sabah” və “Neftçi”nin futbolçuları milli komandaya cəlb olunduğu halda, turnir cədvəlinin üst pillələrində yer “Araz-Naxçıvan”la “Turan Tovuz”dan bir nəfərə də olsun portuqaliyalının diqqətini çəkməyib. Təəccüb və sual.

Bir sözlə, yeni mərhələyə qədəm qoyan Santuşun dəyişiklik və yeniliklərə həvəsli olduğu görünür. Gözdən pərdə asmaq üçün, yoxsa əməli fəaliyyətə görə - bunu zamanın öhdəsinə buraxaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti