
AFFA rəhbərliyi aşağı yaş qrupları üzrə millillərə ayrılan büdcəni artırıb.
Bununla bağlı yeni plan hazırlayıb.
Bu plana əsasən, yığmaların baş məşqçiləri və məşqçiləri yalnız federasiyadan maaş alacaq.
Onların eyni vaxtda iki yerdə - həm millidə, həm də klubda işləməsinə icazə verilməyəcək. Seçim etməli olacaqlar - ya ora, ya bura.
Təbii, AFFA daha demir ki, gəl, az məbləğə işlə. Bu, əvvəl idi. İndi isə yığmada əmək sərf etmək həqiqətən cəlbedicidir.
Ştatlar üzrə əməkhaqqı cədvəlində az qala 2-3 qat artıq məbləğ təklif olunur.
Məsələn, əgər yaxınlaradək baş məşqçi 3000, köməkçiləri 1200-1500 manat məvacib alırdısa, artıq bu vəsait iki-üç dəfə çoxaldılıb.
Özü də ki, AFFA aşağı yaş qrupları üzrə millilləri əcnəbi məşqçilərə tapşırmayacaq.
Federasiya rəhbərliyinin uzun müzakirələrdən sonra belə bir qərara gəlməsinə dair məlumat var.
Xəbərə görə, qurum indiki halda xarici mütəxəssislərin iş başına gətirilməsini məqbul hesab etməyib.
Onların fikrincə, uşaq futbolu ilə bağlı inkişaf strategiyası həyata keçirilmədən belə bir addım atmaq heç bir səmərə verməyəcək. Odur ki, yerli məşqçilərin üzərində dayanılması vacib sayılıb.
İcraiyyə Komitəsi bu ay növbəti dəfə bir araya gələcək. İclasda digər məsələlərlə yanaşı, millilərə təyinatlar da rəsmiləşəcək.
Texniki direktor Cahangir Həsənzadəyə namizədlərin siyahısını hazırlamaq tapşırığı verilib.
SPORTİNFO.AZ