Nunu Qomeş: "Fernandu Santuşa Azərbaycan millisində vaxt lazımdır"

1 Mart 16:20 Milli komanda 514
Nunu Qomeş: "Fernandu Santuşa Azərbaycan millisində vaxt lazımdır"

"Fernandu Santuş dünya futbolunda özünü sübut etmiş, böyük təcrübəyə malik məşqçidir".

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Portuqaliya millisinin keçmiş hücumçusu Nunu Qomeş həmyerlisi Fernandu Santuşun Azərbaycan millisindəki işi barədə danışarkən deyib.

Portuqaliya millisinin keçmiş kapitanı bildirib ki, 70 yaşlı çalışdırıcı rəhbərlik etdiyi komandalara öz təcrübəsini və rəqabətədavamlı olmağı yüksək səviyyədə aşılamağı bacarır:

"O, bu sistemi Azərbaycanın millisinə ötürməyə çalışır. Düşünürəm ki, Santuşun hücumda effektivliyi qoruyaraq, möhkəm müdafiə strukturu qurmaq bacarığı Azərbaycan yığmasına fayda verə bilər.

Çünki o, beynəlxalq oyunlarda əla təcrübəyə malikdir. Futbol biliyi həm oyunçuları, həm də məşqçilər heyətini inkişaf etdirməyə, eləcə də nizam-intizamlı komanda yaratmağa kömək edəcək".

Nunu Qomeşin sözlərinə görə, Fernandu Santuşa Azərbaycan millisində nəticə əldə etmək üçün vaxt lazımdır:

"Yadınızdadırsa, Portuqaliya millisi məhz onun rəhbərliyi altında 2016-cı ildə Avropa çempionu oldu. Bu da baş məşqçinin komandasını vacib görüşlərə yüksək səviyyədə hazırlamasından xəbər verir.

Qarşıda Azərbaycan komandasını dünya çempionatının seçmə mərhələsində oyunlar gözləyir.

Açığı, mundiala vəsiqə real görünməsə də, federasiyasının hədəfi olan 2028-ci ildə keçiriləcək Avropa çempionatına yaxşı komanda hazırlaya bilərlər.

Fernandu Santuş ilə Azərbaycan yığması beynəlxalq yarışlarda daha rəqabətədavamlı komandaya çevrilə bilər".

Nunu Qomeş karyerası ərzində ölkəsində “Benfika” və İtaliyada “Fiorentina” kimi komandalarda çıxış edib.

O, Portuqaliya millisinin heyətində 79 oyunda 29 qol vurub, AVRO-2000-nin rəmzi yığmasına düşüb, AVRO-2024-ün gümüş mükafatçısı olub.

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu