
Azərbaycan yığmasını çalışdırmaqdan imtina etdi
«Neftçi»nin sabiq baş məşqçisi Elxan Abdullayevə 21 yaşadək futbolçulardan ibarət yığmanın sükanı arxasına keçmək təklif olunub.
O, bundan imtina edib. 2017-2018-ci illər aralığında «ağ-qaralar»ı çalışdırmış mütəxəssis dəvəti geri çevirməsinə səbəb kimi U-21-də heç bir perspektiv görməməsini söyləyib.
Fevralın 6-da 2027-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri də müəyyənləşib.
B qrupunda yer alan yığmamız Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq ilə mübarizə aparacaq.
2025-ci ilin martında başlayacaq seçmə mərhələ 2026-cı ilin oktyabrına qədər davam edəcək.
Abdullayev etiraf edib ki, U-21-in qrupda yaxşı nəticə qazanmaq şansı yox dərəcəsindədir və yalandan heç bir vəd verə bilməz.
Mütəxəssis U-19-da işləmək niyyətində olduğunu bildirib. Deyib ki, əgər AFFA ona belə bir təklif irəli sürsə, müqavilə imzalamağa hazırdır.
Abdullayev uzun illərdir müxtəlif yığmalarda fəaliyyətə göstərib. U-17-dən əsas milliyə kimi. Son olaraq elə U-19-da tər töküb.
Komanda ötən ilin noyabrında onun rəhbərliyi altında Avropa çempionatının seçmə mərhələsində mübarizə aparıb. Moldovada keçirilən qrup oyunlarında 1 xal toplayan yığmamız sonuncu yeri tutub.
İslandiyaya 0:2, İrlandiyaya 0:4 hesabı ilə uduzan millimiz ev sahibləri ilə 2:2 edib.
SPORTİNFO.AZ