Rəşad Eyyubov Azərbaycan millisinin məşqçisi təyin olunub.
AFFA-nın mətbuat xidməti saytımızın 2 gün əvvəl yaydığı xəbəri az öncə rəsmən təsdiqləyib.
O, Fernandu Santuşun rəhbərlik etdiyi məşqçilər korpusunda çalışacaq. Müqavilənin müddəti 2028-ci ilə kimi nəzərdə tutulub.
R.Eyyubov futbolçu karyerası ərzində “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Sabah” və “Zirə”nin formasını geyinib.
O, 2015-2019-cu illərdə millinin heyətində 7 oyun keçirib. 32 yaşlı mütəxəssis “Sabah”ın U-19, əvəzedici və əsas komandasında məşqçi kimi fəaliyyət göstərib.
Bu təyinat son ana kimi gündəmdə deyil. Danışıqlar gedirdisə belə, mediadan, ictimaiyyətdən kifayət qədər gizli saxlanılırdı.
İki-üç səlahiyyətli şəxsdən savayı, kimsə nədənsə yerli-yataqlı məlumatlı deyildi.
Ukrayna doğumlu məşqçi AFFA-nın vitse-prezidenti Balakişi Qasımovun məsləhəti ilə milliyə gətirilib. İcraçı vitse-prezident və baş katib Sərxan Hacıyev də Eyyubovun namizədliyini dəstəkləyib.
Baxmayaraq ki, digər vitse-prezident Elşad Nəsirov Elxan Abdullayevi Fernandu Santuşun korpusunda görmək istəyirdi. Adıçəkilən funksioner dəfələrlə onun adını çəkərək, əsas millidə iş verilməsinə çalışmışdı.
Di gəl, portuqaliyalı sükançının özü də Abdullayevin üzərində dayanmayıb. U-19 yığmasındakı işiylə tanış olunca, «mənə belə köməkçi dazım deyil» söyləyib.
70 yaşlı baş məşqçi Abdullayevin ondan qabaqkı həmkarlarının vaxtında da millidə fəaliyyət göstərdiyini öyrənib, indiki halda təkrar dönüşü mənasız sayıb, gənclərə üstünlük vermək niyyətində olduğunu qeyd edib.
SPORTİNFO.AZ