Aşağı yaş qrupları üzrə millilərin baş məşqçilərinin kimliyi qarşıdakı 10 gün ərzində müəyyənləşəcək.
Bu barədə AFFA-dan redaksiyamıza bildirilib.
Verilən informasiyaya görə, U-15, U-16, U-17, U-10 və U-21 yığmalarını çalışdıracaq mütəxəssislərin siyahısı hazırlanmaq üzrədir.
Federasiya rəhbərliyi bu məsələni texniki direktor Cahangir Həsənzadəyə tapşırıb. Onun tərtib etdiyi siyahı İcraiyyə Komitəsinin qarşıdakı toplantısında müzakirəyə çıxarılacaq.
Yanvarın 1-dən etibarən bu komandaların sükanı arxası boşdur. AFFA funksionerləri hazırda iki variantı nəzərdən keçirir - ya millilər əcnəbi məşqçilərə tapşırılacaq, ya da yerlilərə.
Vitse-prezident Elşad Nəsirov başda olmaqla, bir qrup xaricilərə üstünlük verməyin tərəfdarıdır. İcoaçı vitse-prezident və baş katib Sərxan Hacıyev isə azərbaycanlı məşqçilərin təyinatını istəyir.
Təbii ki, son söz «İspalkom»da deyiləcək. Burada isə Nəsirov səsvermə hüququna malikdir, Hacıyev yox.
SPORTİNFO.AZ