COP29

"Nə vaxt ağıllanıb, bu komandaya azərbaycanlı baş məşqçi təyin etsələr...”

2 Yanvar 01:10 Milli komanda 838
"Nə vaxt ağıllanıb, bu komandaya azərbaycanlı baş məşqçi təyin etsələr...”

Azərbaycan yığması Millətlər Liqasında uğursuzluğa düçar oldu.

Artıq komandanın məğlubiyyət seriyası ardıcıl xarakter alıb.

Problemin kökündə hansı amillər dayanır? Niyə millimiz meydanda layiqli mübarizə apara bilmir?

Sportinfo.az xəbər verir ki, mövzunu teleqraf.com-a şərh edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa məsələyə fərqli prizmadan baxmağın tərəfdarı olduğunu söyləyib.

“Ölkə çempionatında birinci, ikinci liqada olan oyunlar, real durum burada əsas amildir. Futbolun inkişafına yanaşmada elə bu mərhələdən başlamaq lazımdır.

Bu məsələ həllini tapmayınca mükəmməl milli komanda formalaşdırmaq çətin olacaq. Təbii ki, burada məşqçi, Fudbol Federasiyasının da məsələyə yanaşması xüsusi rol oynayır”, - deyə o əlavə edib.

Partiya sədri hesab edir ki, futbolda alternativin çox olması önəmlidir:

“Futbolçuların xeyli hissəsi başa düşür ki, onların alternativi yoxdur. Milli çempionatda seçim imkanları geniş deyil.

Ona görə də milli çempionata ciddi yanaşılmalıdır. Bura pul xərclənməlidir, iş adamlarının futbola maraq göstərməsinə şərait yaradılmalıdır, onlara güzəşt edilməlidir.

Hazırda ölkə klublarının çoxunun pulunu SOCAR verir. Bu komandalarla isə rəqabət mühitini yaratmaq olmur.

Digər tərəfdən, futbol mütəxəssislərinin rəyi dinlənilməlidir, onlara şərait yaradılmalıdır. Ölkədə stadion problemi var.

Uşaq futbolunun inkişafına diqqət ayrılmalıdır. Uşaqların hər yerdə futbol oynamasına imkan olmalıdır.

Elə valideynlər var ki, övladını avtobusla meydançaya gətirə bilmir. Çünki valideyn işdə olur, vaxtı çatmır, bunun əvəzində futbola həvəsi olan istedadlı uşaq futbol oynamağa gedə bilmir”.

Komitə sədrinə görə, digər idman növlərində də eyni problemlər var:

“Ölkədə idmanın inkişafına böyük önəm verilir. Amma idmanın inkişafına cavabdeh olan şəxslər bu prosesin inkişafına təkan verə bilmir.

Futbola heç də baş məşqçi üzərindən yanaşmaq olmaz. Fernando Santuş təcrübəli məşqçidir.

Ondan əvvəlki baş məşqçi Canni De Byazi daha böyük təcrübəyə malik idi. Sadəcə olaraq, bizdə kollektiv ağıl, fərdi ağıldan daha üstün olduğuna görə, hamı hay-küy salıb Byazini qovdular.

Ondan sonra nəsə dəyişmədi. Ona görə də məsələyə köklü yanaşma tələb edilir.

Futbolun inkişafına dair ikinci dövlət proqramı qəbul edilməlidir. Bu proqram xüsusi nəzarətlə həyata keçirilməlidir. Burada kimsə öz keyfinə görə futbola baxışını sərgiləməməlidir”.

Millət vəkili, sadiq futbol azarkeşi Aqil Abbas isə millinin oyunlarının alınmamasında başqa səbəblərin olduğunu qeyd edib:

“Nə vaxt Azərbaycan komandasının başında azərbaycanlı baş məşqçi olacaqsa, o zaman da udacağıq. Kimisə kənardan gətirib dişə vururlar,

3-5 ay yoxlayıb, yola salırlar. Fernando Santuşun vaxtı çatan kimi göndərəcəklər.

Nəvaxtsa, ağıllanıb komandaya azərbaycanlı baş məşqçi təyin edəcəklərsə, o zaman da problem həll olacaq”.

Aqil Abbasa görə, problem məhz milli kadrın komandaya rəhbərlik etməməsi ilə bağlıdır:

“Kənardan gələn adamın bizim üçün ürəyi ağrımır. Sadəcə olaraq maaşını alıb, axşam da rahat gedib yatır.

İşə yalnız maaş xatirinə yanaşanda onun heç bir nəticəsi olmur. Futbolçular imkanları daxilində oynayır.

Baş məşqçi strategiyanı düzgün qura bilmir. Yorulmuşam danışmaqdan. Nə qədər uduzmaq olar?...

Özümüzün yaxşı kadrlarımız var, Qurban Qurbanov, Tərlan Əhmədov, Rəşad Sadıqov, Samir Abbasov, Yunis Hüseynov və s. yaxşı mütəxəssislərimiz ola-ola niyə kənardan adam gətirməliyik?

Sadəcə, onlara meydan verən yoxdur. Problem bundadır”.

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 02:50 "Neftçi"dən bir XƏBƏR